27 Sentyabr 2017 21:43
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu həftə hind icması və azərbaycanlı tələbələrin iştirakı ilə “Təmizlik xidmətdir” kampaniyası çərçivəsində ağacəkmə aksiyası keçiriləcək.

Hindistanın Bakıdakı səfirliyindən Teleqrqf.com-a verilən məlumata görə, tədbir 15 sentyabr-2 oktyabrda keçirilən “Swachhta Hi Seva (SHS)” (“Təmizlik xidmətdir”) kampaniyası çərçivəsində təşkil olunur. Tədbir BMT tərəfindən təsdiq olunaraq hər il oktyabrın 2-sində bütün dünyada “Beynəlxalq Qeyri-Zorakılıq Günü” kimi qeyd olunan Mahatma Qandinin doğum günü münasibətilə təşkil olunacaq.

Hindistan səfiri Sanjay Rana qeyd edib ki, M.Qandi təmizliyin əhəmiyyətinə önəm verərək “Təmizlik Allahdandır” deyirdi. Hindistanın baş naziri Narendra Modi natəmizliklə mübarizə aparmaq və açıq defekasiya kimi köhnə vərdişləri dəyişməklə 2019-cu ildə qeyd olunacaq M.Qandinin 150-ci ildönümünədək təmiz Hindistana nail olmaq məqsədilə bütün Hindistan ərazisində kampaniya başladıb. Baş nazir açıq defekasiyanın qarşısını almaq üçün Hindistanın bütün kənd evlərində ayaqyoluların tikilməsini təşviq edib.

Hindistan prezidenti Ram Nath Kovind 2017-ci ilin sentyabrın 15-də xalqın təmiz və sağlam Hindistan yaratmağa qərar verdiyi ümummilli sanitariya kampaniyasını başladıb. Təmizliyin yalnız sanitariya işçilərinin və hökumət idarələrinin vəzifəsi olmadığını qeyd edən prezident R.N.Kovind bütün vətəndaşları bu milli hərəkata qoşulmağa çağırıb.

Təmiz Hindistan Missiyası və SHS kampaniyası insanlar, xüsusilə də gənclər arasında böyük marağa səbəb olub və bütün Hindistanda tanınıb. Təmiz Hindistan Missiyasına əsaslanan “Toilet –Ek Prem Katha” adlı son Bollivud filminin uğurlu populyarlığı kassalarda nəzərə çarpıb.
Səfir əlavə edib ki, M.Qandinin sülh və tolerantlıqla bağlı mesajı hətta bugün də öz qüvvəsini saxlamaqdadır. Onun təbiət və təmizliklə bağlı fikirləri bütün zamanlara və məkanlara uyğundur. Qeyd olunub ki, “Swachhta Hi Seva ” kampaniyası çərçivəsində Hindistanın Azərbaycandakı assosiasiyası, yerli QHT-lər və azərbaycanlı tələbələrin iştirakı ilə bazar günü (1 oktyabr) Bakıda, Botanika bağında təmizlik və ağacəkmə aksiyası keçiriləcək.


Müəllif: Teleqraf.com