Türk yazıçısı Nihal Atsızın Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü, mühacir Məhəmmədsadıq Aranın ölümü ilə bağlı yazısında maraqlı bir qeyd var.
“Ötükən” dərgisində çap etdirdiyi məqaləsində Atsız yazır: “İllərdir Cihangirdə qaldığı ev Sormagir küçəsindəki 111 nömrədə yerləşirdi. Küçələrində çatışmayan bir bələdiyyə xidməti üçün ərizə yazdığı zaman, küçəni unutmasınlar deyə ünvanını nəzmlə
"Cihangir
Sormagir
Yüz on bir"
deyə yazmışdı”.
Bu maraqlı ünvanda olmağı, Aranın mühacir həyatı yaşayarkən dolaşdığı küçəni görməyi çox istəyirdim. Nəhayət, arxeoloq dostumuz Adil Yılmaz bəyin sayəsində ötən cümə günü həmin ünvana getdik.
Hazırda həmin küçənin adı dəyişsə də, yeni nömrələnmə təsdiq edilsə də, 111 yazılan lövhə götürülməmişdi. Aranın bu ünvanda neçənci mərtəbədə yaşadığını bilmirik. Hazırda evdə kimlərin yaşadığı da bizə məlum deyil.
Bina girişində foto çəkdirərkən Aranın bir gün bu köhnə qapını açıb hansısa qəzet üçün yazdığı məqaləni redaksiyaya aparmasını düşündüm.
Ən kədərlisi isə o idi ki, Aran bu ünvanda yaşayanda nəinki Vətəni işğalda idi, doğulduğu, millət vəkili kimi göndərildiyi Zəngəzur başqa bir düşmən dövlətə verilmişdi.
Aranın Feriköydəki məzarını dəfələrlə ziyarət etmişik. Yaşadığı binanın önündə də xatirə olaraq foto çəkdirdik.
***
Mühacirətdə Sadıq Aran, Sənan Azər imzası ilə tanınan Məhəmmədsadıq Axundzadə 1895-ci ilin dekabrında Zəngəzur qəzasının Sisyan bölgəsində yerləşən Urud kəndində doğulub. İlk təhsilini ailəsindən alıb, Quranı, fars dilini öyrənib. Naxçıvan rüşdiyyəsini bitirdikdən sonra Bakı Ali Pedaqoji İnstitutuna daxil olub, Bakıda "Füyuzat", "Açıq söz" kimi mətbuat orqanlarında şeirləri yayımlanıb. Bir müddət Güney Azərbaycanda yaşayan Axundzadə Marağada ibtidai məktəb açıb. 1917-ci ildə Çar Rusiyasının çökməsi ərəfəsində Zəngəzurun mərkəzi Gorusa dönüb, burada da məktəb açıb. 1918-ci ilin 7 dekabrında Azərbaycan Cümhuriyyətinin Parlamenti qurulduğu zaman Zəngəzur nümayəndəsi olaraq qatılıb. Aran parlamentdə çoxluq təşkil edən Müsavat Partiyasına qoşulub.
Azərbaycan Cümhuriyyətinin işğalından sonra Aran Mirzəbala Məhəmmədzadənin rəhbəri olduğu gizli Azərbaycan İstiqlal Komitəsinə qatılıb.
1923-cü ilin sonunda Güney Azərbaycana gedib, növbəti il Türkiyəyə keçib, Trabzonda bir il müəllimlik edib. Daha sonra isə İstanbula yollanıb. Aran İstanbulda Müsavat Partiyası Xarici Bürosunun Mədəniyyət komitəsinin nəzdində “Azəri-Türk Gənclər Birliyi”ni təsis edib və bu qurumun rəhbəri olub. 1927-ci ildə Sadiq Aran İstanbul Ədəbiyyat fakultəsində təhsilə başlayıb. Nihal Atsızın yazdığına görə, təhsilinə sona qədər davam etdirməyib.
1930-cu illərin əvvəlində Sadıq Aran Finlandiyaya gedib, orada məktəb açıb. Bu məktəbdə İdil-Ural bölgəsindən köçən türklərə dərs keçib, 1931-ci ildə türk və fin dillərində yayımlanan "Yeni Turan" adlı aylıq qəzet təsis edib, eyni zamanda Turan Ocağı dərnəyini təşkil edib.
1936-ci ildə yenidən İstanbula dönüb. 1939-1941-ci illər arasında "Ulus" və "Cümhuriyyət" qəzetlərinin İrandakı müxbiri olaraq çalışıb. II Dünya müharibəsindən sonra Türkiyədə Türk Mədəniyyət İşləri Dərnəyini yaradıb, 1961-ci ildə Ankarada yaradılan Türk Mədəniyyətini Araşdırma İnstitutunun qurulmasında iştirak edib.
Aran Cümhuriyyətinin ildönümündə, 28 May 1971-ci ildə İstanbulda vəfat edib, Feriköy məzarlığında dəfn edilib.
Sadıq Aranın Türkiyədə “Azəri-Türk”, “Məfkurə”, “Doğuş”, “Bozqurd”, “Gök-Börü”, “Davran”, “Yaşıl yarpaq”, “Qızıl alma”, “Özləyiş”, “İctihad”, “Çınaraltı”, “Torpaq”, “Orhun”, “Yaş Türküstan”, “Yolların səsi”, “Odlu Yurd”, “Azərbaycan Yurd Bilgisi”, “Cığır”, “Ötükən”, “Aras”, “Yana Milli Yul” kimi jurnallarda, “Cümhuriyyət”, “Yeni İstanbul”, “Şərq yolu”, “Yeni Turan” kimi qəzetlərdə şeirləri, məqalələri yayımlanıb. Yazılarını “Mehmet Sadık Aran”, “M.S.Sanan”, “Sanan Azer”, “M.Sisyanlı”, “Cafer Sadık” imzaları ilə yazıb.
Türkiyədə Sanan Azer imzasıyla "İran Türkleri" (İstanbul, 1942), Mehmet Sadık Aran imzasıyla "Türkün altun kitabı. Kutadgu Bilig" (İstanbul, 1944) və M.S.Sanan imzasıyla "Ergenekon yolları. Şiirler risalesi" (ilk nəşr 1935, ikinci nəşr 1952) kitabları nəşr olunub.