Nəhəng Sovet İmperiyası.
Minlərlə KQB agentinin dolaşdığı bir ortam. İnsanlar güllələnir, sürgünə göndərilir.
Azərbaycan Cümhuriyyəti artıq 10 ildən çoxdur ki, işğal edilib, ölkədə ermənilər və ruslar ən ali vəzifələrdə təmsil olunurlar.
Bu vəziyyətə dözməyən kəndlilər silahlı üsyan qaldırır, çarəsizlər qafilə ilə İrana, Türkiyəyə sığınırlar.
Belə bir acınacaqlı vəziyyətdə təhqir olunmağa, hürriyyətsizliyə dözməyən iki azərbaycanlı təyyarəçi mühacirətə getməyə qərar verirlər.
Onlar mühacirətə nə dəniz yolu ilə Ənzəliyə, nə quru yolu ilə Qarsa getməyi düşünürlər.
Onlar peşələrinə uyğun olaraq mühacirətə TƏYYARƏ ilə qaçacaqdılar.
Necə?
Öz dillərindən eşidək.
***
Teleqraf.com azərbaycanlı mühacir təyyarəçi Məhəmməd Altunbayın 1940-cı illərdə Türkiyədə yayımlanmış “Rusiyadan necə qaçdım?” adlı xatirələrini hissə-hissə təqdim edir.
(M.Altunbay xatirələrinin növbəti hissələrində özü haqqında məlumat verdiyi üçün bu barədə yazmırıq. Altunbay mühacirətdə çox aktiv olub, “Mücahit”, “Türk izi” kimi dərgilərdə yazılar yazıb, Azərbaycan Kültür Dərnəyinin qurulmasında iştirak edib. Həyatı haqqında film çəkilib, çətin şərtlər altında Amerika səyahətində də olub. Ölümündən sonra xanımı xatirələrini kitab halına salsa da, təqdim etdiyimiz bu xatirələr özünün sağlığında yazılıb, həmin əsərdən əsaslı şəkildə fərqlənir. Təəssüf ki, “Gök Börü” dərgisində yayımlanan bu xatirələr tam deyil. Xatirələrdən sonra Məhəmməd Altunbayla bərabər mühacirətə qaçan digər bir təyyarəçimiz Həsən Zeynallının Türkiyə mətbuatına verdiyi bir müsahibəni də təqdim edəcəyik)
***
Qatar son fitini çalaraq Tiflis stansiyasına girdi. Saat 23:15 idi. Qatardan enən kimi maşına minib tanıdığımız bir otelə getdik. Bütün gecə böyük bir həyəcan içində qəlbimiz çırpındı. Üç gündən bəri yuxusuz olduğumuza baxmayaraq, yenə yuxumuz gəlmir, hər kəs yatağında sabahın səadət təməlini və yaxud ani ölümünü düşünürdü. Sanki bu düşüncələr az imiş kimi, ən çox bizi düşündürən 19 ildən bəri dərdləri qəlbimizi yandıran çox sevdiyimiz o əziz Vətənimizi əbədi və ya müvəqqəti tərk etmək ağrısı idi. Qəlbimizdən silinməyən bu ağrı hər göz yaşından, hər qılınc və güllə yarasından daha ağrılı idi. Bunları düşündükcə qəlbimdən qan axar kimi içim sızıldayır, aciz insanlar kimi ağlamaq istəyi məni boğurdu. Mən türk oğlu türk olduğum üçün aciz deyildim, fəqət hər qəlbin bir ağrısı, hər ağrının göz yaşları, hər göz yaşlarının bir səbəbi olduğu kimi mənim də göz yaşlarımın səbəbi ruhumda olan sönməz Vətən, millət və ideal eşqidir. Qafamda, qəlbimdə, ruhumda və bütün vücudumda dolaşan bu fikirlər məni yormur, əksinə qüvvət və cəsarət verirdi.
Gecədən neçə saat keçdiyini bilmirdim. Birdən-birə otel xidmətçisi qapını açaraq içəri girdi, “saat altıdır, qalxın” dedi. Bu səsin mənası qatara hərəkət verən fitin səsi kimi qulaqlarımızda əks-səda verdi. Sanki yatırmış kimi dərhal yataqdan qalxaraq vəzifə başında hər istəyinə müvəffəq olan bir türk əsgəri kimi paltarlarımızı geyindik, oteldən çölə çıxdıq.
Dan yeri yavaş-yavaş ağarmağa başlayırdı. Böyük küçə üzərində yürüyərək daha əvvəl yerini öyrəndiyimiz avtobus dayanacağına gəldik. Bir neçə dəqiqə gözlədikdən sonra avtobus gəldi, biz də mindik. Avtobusun içərisi o qədər qələbəlik idi ki, oturmağa yer yox idi. Onlar Tiflis hava yollarının pilotları və makinistləri idilər, hamısı da bizi tanıyırdılar. Biz avtobusa minən kimi qaba adətləri ilə bağıraraq bizimlə salamlaşdılar. Şəhərin içində yarım saat qədər gedən avtobusun pəncərəsindən son dəfə Tiflis şəhəri ilə vidalaşdıq. Saat yarım sonra avtobusumuz təyyarə meydanında dayandı. Endik və bilet satışı olan yerə getdik. Bakıya qədər təyyarə ilə getmək istəyimizi söyləyərək üç nəfər üçün bilet aldıq. Bakı ilə Tiflis arasında uçan bu sərnişin təyyarəsi iki motorlu və 12 nəfərlik qocaman bir təyyarə olsa da, sərnişin üçün təyyarədə oturmağa boş yer yox idi. Çünki bu təyyarə Tiflisdən Bakıya əsgər üçün yun qumaş və dövlət poçtunu daşıyırdı. Bizi tanıdıqları üçün təyyarənin yükünü bir az yüngülləşdirərək bizə oturacaq yer hazırladılar.
Baş mühəndis maşinistlərlə bərabər təyyarəni uçuşa hazırlayırdı. Təyyarə uçuş komandanı isə bir neçə pilotla siyasi komissar və ÇEKA-nın iki böyük nümayəndəsi ilə öz aralarında gizlicə danışırmış kimi təyyarənin ətrafında dolaşırdılar. Sonra mühəndis təyyarənin uçuşa və motorların çalışdırılmağa hazır olmasına dair uçuş komandanına raport verdi.
Uçuş komandanı motorların çalışdırılmasını əmr etdi. Maşinist dərhal təyyarəyə oturaraq “əmniyyət!” deyə bağırdı və motorlara bir neçə inyeksiya vurduqdan sonra “atəş!” deyincə motorlar bir-bir çalışmağa başladı.
Yerdə edilən təcrübədə hər iki motor nöqsansız çalışırdı. Bu əsnada uçuş komandanı təyyarənin pilotunu yanına çağıraraq bəzi əmrlər verdi. Pilot da əlini alnına qədər qaldıraraq “baş üstünə” anlamında uçuş komandanını salamladı.
Biz kənardan bu mənzərələrin bitərəf bir seyrçisi idik. Çölümüz nə qədər soyuqqanlı görünsə də, daxilimiz daha çox qəlbimizə qüvvət verən bir həyəcanla çırpınırdı. Çünki yaşadığımız bu dəqiqələr keçirəcəyimiz qorxulu təhlükələrin başlanğıcı idi.
Daha əvvəl hazırladığımız silahlarımız, əl və ayaq sarımaq üçün iplərimiz, ana vətənə qədər uçmaq üçün cızılmış olan xəritələrimiz və planlarımız çantamızda idi...
Davamı var...
Hazırladı: Dilqəm Əhməd