12 Dekabr 2017 09:24
1 498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com deputat Zahid Orucla “Nəfəslik” rubrikasında qeyri-siyasi mövzuda söhbəti təqdim edir.

- Zahid müəllim, ilk sualımız belədir: Rəssam olsaydınız, parlamenti necə təsvir edərdiz?

- İnsanın fırça ilə kətan üzərində rəssamlıq etmək potensialı olmaya bilər, amma hər kəsin daxilində o qabiliyyət var. Parlamenti təsvir edərkən burada bir neçə cizgini öncədən mütləq nəzərə alardım. Həmin cizgilər bunlardır – təmsilçilik institutu, insanların etibarının və etimadının doğruldulması, fəal intellektual siyasi rəqabət, yəni təfəkkür mübarizəsi, həmçinin tarixi məqam.

Biz müxtəlif ölkələrin parlamentlərini ziyarət edərkən orada çox əzəmətli təsvirlərdən faydalandıqlarını görürük. Yəni nə qədər tarixi şəxslərin, simaların portretlərini ora vururlarsa, digər yandan da müxtəlif canlı debatların insanları heyrətləndirən situasiyaları sanki qələmə alırlar və bizlərə təqdim edirlər.

- Ehtiyac yaransa, vəzifənizi kimə əmanət edərdiz?

- İndi parlament mojaritar sistemlə formalaşır və lokal bir ərazidə insanlar səs verdikləri konkret adama rəğbət göstərməlidirlər. Belə olan halda mənim hüsn-rəğbətimi yalnız istedadı, canıyananlığı, insanlara münasibəti, təşəbbüskarlığı ilə qazanan çoxlu insanlar var. Bərdədə bu dediyim xüsusiyyətləri olan adamlar çoxdur.

Lakin onu da nəzərə almalıyıq ki, bugünkü reallıqda parlament yalnız qanun istehsalçısı deyil. Deputat həm də dövlətin siyasi elçisidir, xarici aləmdə fəal mübarizə aparan döyüşçüdür. İnformasiya müstəvisində ölkə əleyhinə olan hər hansı proseslərə müqavimət göstərən şəxsdir. Buna görə də vəzifəmi, işimi tapşıra biləcəyim konkret şəxsin adını çəkmək istəmirəm. Ancaq elə adamlar var... Təbii ki, biz yalnız insanlarımıza çağırış edə bilərik. Hüquqi dillə desək, onların vəkilliyini həyata keçirmək imkanımız var. Ancaq estafetin davam etdirilməsi halı qanunverici orqanın səlahiyyətlərinə aid deyil və yaxşı ki, aid deyil...

- Sonuncu dəfə kimə borc vermisiz və nə qədər?

- İnsanlar sabahı maddi baxımdan tam hesablaya bilmirlər. Planlaşdırılmamış çoxlu məsələlər meydana çıxır. O cümlədən, həyatımızı bizi var-yoxdan çıxaran ənənələrlə yaşamağa meyilliyik. Sadə dillə desək, xeyir-şər məclislərimiz özlüyündə sanki bir dəbə və ya xüsusi yarışa çevirilib. Hamı istəyir ki, bu dəbdəbəyə uyğun olsun. Yaxın çevrədən o cür müraciətlər almışıq. Bu haqda danışmağı da sevmirəm. Amma belə hallar olub.

- Axrıncı dəfə bazarlığa nə qədər pul xərcləmisiz?

- Alış-veriş çox maraqlıdır. Orada insanların düşüncələri, emosiyaları səfərbər olur. Bu ab-havanı təbii ki, hamımız yaşamaq istəyirik. Çünki onun özünəməxsus bir “nəşəsi” var. Ancaq bu məsələnin başqa bir tərəfini də deyim ki, bəzən bu, vəzifə adamı kimi bizlərin ziyanına işləyir. Təbii ki, bazarlığımız da ailə menyumuza, tərkibimizə uyğun olur. Xüsusi saraylarda özünü göstərən, əsərlərdə, təfəkkürlərdə qərarlaşan menyularla yaşamırıq. Mədəmizin tələbatı, fiziki varlığımızın istəkləri menyumuza çox yaxındır. Burda qeyri-adi istəklər yoxdur.

- Övladlarınızla birgə ən son nə vaxt səhər yemək yemisiniz?

- Ailəmlə tez-tez bir süfrə başına toplaşırıq. Oğlum tələbə olduğu üçün bizimlə bərabər deyil, amma qızımla birgə səhər yeməyini çox sevirəm. Çünki onun özünün ayrıca bir aləmi var. Bir tərəfdən də bu, yaxşı ənənələrin süfrə vasitəsi ilə ötürülməsidir. Xüsusilə də böyüyən nəslə sağlamlığı ötürmək üçün bu mesajların verilməsi və o nümunələr yaratmaq vacibdir. Həm də bunu səhər-səhər etmək əlavə motivasiya mənbəydir. Yəni demək olar ki, gündəlik təkrarlanır.

Müxtəlif bədii əsərlərdə, xüsusilə də yəhudi cəmiyyətində səhər, yaxud axşam yeməklərinin birində hamının bir masa arxasında toplaşması və süfrəni dini ayinləri icra edərək yekunlaşdırması çox böyük bir millət formalaşdırılmasının ayrılmaz tərkib hissəsinə çevrilib. Süfrə mədəniyyət, ədəb-ərkandır.

- BMT-nin rəhbəri olsaydız, ilk hansı qərarı verərdiz?

- Hazırkı reallıqda BMT-nin rəhbəri böyük səlahiyyətlərə malik deyil. Çünki xanım Klintonun məxfi diplomatik yazışmalarının Culian Assanc tərəfindən ictimailəşməsi, eləcə də BMT-nin keçmiş rəhbəri Pan Gi Munun o dövr bütün yazışmaları, əlaqələrinin mərkəzi kəşfiyyat orqanları tərəfindən aşkarlanması ilə onun vəzifəsinin nə qədər simvolik xarakter daşıdığı bəlli olur.

BMT rəhbəri özü-özlüyündə dünyaya yol göstərsin, hansısa müharibələri durdursun və yaxud barış missiyasını həyata keçirmək üçün hərbi qüvvələrə göstəriş versin – belə fakt yoxdur. Sərəncamında 1 milyon ordusu olsun, hamını müharibədən, terrordan çəkindirə bilsin... Belə hal da yoxdur. BMT-nin ordusu olsaydı, onun rəhbərinin də sözünün kəsəri olar, imzaladığı qərarların icrasına imkan yaranardı.

Ona görə də mənim üçün yalnız siyasi qərarlar vermək, ədalət, haqq hansı tərəfdədir, orda bulunmaq imkanı olardı. O cümlədən, dünyanın böyük pul kütlələrini qoruyub, saxlayan mərkəzlərə çağırış edərdim ki, saraylarda xoşbəxt olmaq olmur.

- TV və saytlardan gündəlik hansıları izləyirsiz?

- İşimizin xarakterinə görə həm daxili, həm də beynəlxalq medianı fəal şəkildə izləyirəm. O cümlədən, sosial şəbəkələrdə də müəyyən formada düşüncələrimizi bölüşməyə çalışırıq. Xüsusilə də, oxu menuyumuzun mühum bir hissəsini xarici medianın informasiya vasitələrini izləmək təşkil edir. Ancaq səmimi etiraf edirəm ki, sutkanın 24 saat olmasına böyük üzüntü ilə baxıram. Ümumiyyətlə, insanların fiziki imkanlarının Heraklcasına olmadığını da ağrı ilə qeyd edirəm. Təəssüf ki, müasir kommunikasiya vasitələri insanın bir okeandan bəhrələnmək imkanını nə qədər artırıbsa, digər yandan göstərir ki, sənin oxu dünyanın da konkret limiti var. Hansısa nöqtədə dayanacaqsan. Bu üzdən çox təəssüf edirəm ki, insanın ömrü 300-350 il deyil, sutkanı da 48 və ya 96 saat yaşaya bilmir. Yəni zamanın sikli çox kiçikdir. Amma bu, qətiyyən şikayət kimi qəbul olunmamalıdır.

- Axırıncı dəfə hansı xəbər, məlumat sizi əsbiləşdirib?

- Beləsi həddindən artıq çox olur. Lakin onların səbəblərini bildiyimə görə emosional paylaşım və reaksiyalar etmirəm. Ancaq bunlar hər gün baş verir. Gündəm nəyə köklənirsə, bu, özü-özlüyündə nəticə doğurur. Məsələn, Tatarıstanda uzun müddətdir bir problem yaşanır. Artıq bu kulminasiya nöqtəsinə yaxınlaşır. Orada təhsil müəssisələrində milli dilin tədris problemi var.

Putin Kazanda olarkən söyləmişdi ki, bu məsəlyə könüllülük əsasında baxın. Amma getdikcə insanlar öz milli dillərindən imtina edib, rusdilli təhsilin üzərində dayanıblar. Bu proses o dərəcədə müxtəlif inzibati fəndlərlə, müəllimlərin dərs saatının azaldılması və sair üsullarla aparılır ki, sonda dediyimiz mənzərə ortaya çıxıb. Bu cür milli problemlər cəmiyyət həyatını daha çox məşğul etməkdənsə, onun ətrafında diskussiya aparmaqdansa, onun səbəbini tapmaq lazımdır.

Yaxud 77 Nobel mükafatçısı öz imzaları ilə narahatlıq ifadə ediblər ki, Luizana ştatında dinlə bağlı qəbul edilmiş norma təhsil sistemini öz mühüm hədəflərindən məhrum edir. Yəni biz uşaqlara daha çox dini tədris etsək, onlar elmin gücünü hiss etməyəcəklər, daha çox fanatizmə yuvarlanacaqlar. Halbuki dünyanı dərk etmək yalnız elmin gücü ilə mümkündür.

Bu məsələni Azərbaycan cəmiyyətinə gətirin və müzakirə aparın... Çox az tərəfdar toplayacaqsız. Səbəbləri mənə bəllidir deyə, məsələyə qətiyyən üsyankar yanaşmıram. Ciddi problemlər var və onları birgə aradan qaldırmalıyıq. Yəni ekranı qırmaqla, monitoru sındırmaqla iş başa gələn deyil. Gərək situasiyaya alternativ yaradasan ki, nəticədən şikayətə ehtiyac qalmasın.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər