25 Dekabr 2017 15:57
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kaliforniya Azərbaycan Dostluq Assosiasiyası (California Azerbaijan Friendship Association – CAFA) təsis edilib.

CAFA-dan Teleqraf.com-a verilən məlumata görə, bu, ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlılarının yaratdığı, bütün ştatı əhatə edən ilk təşkilatdır.

Assosiasiyanın təsis olunması Los Anceles şəhərində keçirilən 200-dək qonağın qatıldığı geniş tədbirdə elan olunub. Tədbirdə Azərbaycan icmasının üzvləri ilə yanaşı Kaliforniya ştat senatorları, şəhər merləri, şəhər şuralarının üzvləri, diplomatlar, tanınmış elm xadimləri (o cümlədən Nobel mükafatçısı Arieh Uorşel), həmçinin yəhudi, türk, Pakistan, İran, Koreya, Vyetnam və latino icmalarının rəhbərləri iştirak ediblər.

CAFA-nın icraçı direktoru Kimiya Məmmədova assosiasiyanın yaradılmasında əsas məqsədin Kaliforniyada yaşayan şimallı-cənublu bütün azərbaycanlıları, o cümlədən buradakı Azərbaycanın çoxlu sayda dostlarını birləşdirmək və Azərbaycanla Kaliforniya arasında ən müxtəlif sahələrdə əlaqələri daha da gücləndirmək olduğunu bildirib.

O qeyd edib ki, yeni təşkilat həmçinin burada fəaliyyət göstərən seçkili orqanlar, hökumət rəsmiləri və müxtəlif təşkilatlar və icmalarla qarşılıqlı faydalı əməkdaşlıq qurmaq niyyətindədir. Təşkilatın fərdi ianələr hesabına maliyyələşəcəyini bildirən K.Məmmədova idarə heyətinin üzvlərini təqdim edib.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev müxtəlifliyi və multikulturalizmi, o cümlədən iqtisadi göstəricilərinə görə ABŞ-ın ən qabaqcıl ştatlarından olan Kaliforniya ştatında belə bir təşkilatın yaradılmasını tarixi və əlamətdar hadisə adlandırıb. O, Kaliforniyada yaşayan Azərbaycan icması tərəfindən atılan bu addımı yüksək qiymətləndirdiyini, yeni təşkilatın soydaşlarımız arasındakı həmrəyliyin gücləndirilməsində önəmli rol oynayacağına ümid etdiyini bildirib və təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, 40 milyon əhalisi olan və ABŞ-ın ən böyük ştatlarından biri kimi tanınan Kaliforniya ştatı 2,4 trilyon dollarlıq iqtisadiyyatı ilə nəinki ABŞ-da, dünya iqtisadi sistemində önəmli yerlərdən birini tutur. Həmçinin 1 milyonadək erməninin yaşadığı Kaliforniya dünyada ermənilərin ən çox məskunlaşdığı məkanlardan biri kimi tanınmaqdadır.


Müəllif: Sәxavәt

Oxşar xəbərlər