İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən pilot ərazilərdə - Mingəçevir şəhərində və Yevlax rayonunda bu ilin oktyabr-dekabr ayları ərzində “Sabaha sağlam addımla” şüarı altında təşkil edilən sağlamlıq həftələri başa çatıb.
Agentlikdən Teleqraf.com-a verilən məlumata görə, sağlamlıq həftələri çərçivəsində 19651 nəfər müayinələrə cəlb olunub. Onlardan 442 nəfəri sağlamlıq həftələrinin açılış mərasiminin, 552 nəfəri süd vəzisinin xərçəngi, 197 nəfəri prostat vəzi xəstəlikləri, 9519 nəfəri skolioz, 2314 nəfəri şəkərli diabet və sağlam qidalanma, 2804 nəfəri hipertoniya və sağlam qidalanma, 2674 nəfəri xolesterin və sağlam qidalanma, 1149 nəfəri isə tütün çəkmə ilə mübarizə üzrə sağlamlıq həftələrinin iştirakçıları olublar.
Müraciət edən vətəndaşların yaş qrupları üzrə bölgüsünə gəldikdə 10084 nəfər 0-15 yaş, 1004 nəfər 16-25 yaş, 1517 nəfər 26-35 yaş, 1604 nəfər 36-45 yaş, 2023 nəfər 46-55 yaş, 2989 nəfər 56-70 yaş arasında, 430 nəfər isə 70 yaşdan yuxarı şəxslər olublar.
Sağlamlıq həftələrinin açılış mərasimində aparılmış müayinələr zamanı müraciətçilər arasında bir sıra patologiyaların ilkin əlamətləri ilk dəfə olaraq aşkar edilib. Belə ki, 29 nəfərdə hipertoniya xəstəliyinin ilkin əlamətləri, 5 nəfərdə süd vəzisi, 18 nəfərdə müxtəlif formada sidik–cinsiyyət sistemi ilə bağlı patologiyalar, 14 nəfər bir yaşınadək körpədə erkən raxit əlamətləri, 26 körpədə isə çəki ilə əlaqədar problemlər aşkar edilib.
Süd vəzisi xərçənginin profilaktikası üzrə sağlamlıq həftələri ərzində 379 nəfərdə süd vəziləri ilə bağlı patologiyalar və yenitörəmələr aşkarlanıb.
Prostat vəzi xəstəliklərinin profilaktikası üzrə sağlamlıq həftələrində sidik-cinsiyyət sistemindən şikayətlərlə bağlı müraciət etmiş şəxslərin 110-da erkən mərhələdə müxtəlif xəstəliklər (prostatit, uretrit, prostat vəzin adenoması, sistit, pielonefrit və s.) aşkar edilib.
Skoliozun profilaktikası üzrə sağlamlıq həftələrində 567 nəfərdə skolioz, 16 nəfərdə kifoz, 4 nəfərdə müxtəlif dərəcəli onurğa deformasiyaları, 100 nəfərdə 1-ci dərəcəli skolioz, 79 nəfərdə isə skolioza meyillilik olduğu müəyyən edilib.
Şəkərli diabet xəstəliyi və sağlam qidalanmaya həsr olunmuş sağlamlıq həftələrində 778 nəfərin 2-ci tip şəkərli diabet xəstəsi olduğu təsbit edilib. Ailə həkimləri tərəfindən 123 nəfərdə 2-ci tip şəkərli diabet xəstəliyi erkən aşkarlanaraq xəstələrin müvafiq müalicəyə başlaması təmin edilmişdir.
Hipertoniya və sağlam qidalanmaya həsr olunmuş sağlamlıq həftələrində 984 nəfərin hipertoniya xəstəsi olduğu müəyyən edilib, 226 nəfərdə isə hipertoniya xəstəliyi ilkin aşkarlanıb.
Xolesterin və sağlam qidalanmaya həsr olunmuş sağlamlıq həftələrində 383 nəfərdə isə qanda xolesterinin miqdarının yüksək olduğu (hiperxolesterinemiya) müəyyən edilmişdir. 35 müraciətçidə xolesistit (öd kisəsinin iltihabı), hepatosteatoz (qaraciyər piylənməsi), meteorizm (köp) əlamətləri müşahidə edilmiş və müvafiq tövsiyələr verilmişdir.
Tütün çəkmə ilə mübarizəyə həsr olunmuş sağlamlıq həftələrində 26 nəfərdə kəskin bronxit, 95 nəfərdə xroniki bronxit, 9 nəfərdə isə ağciyərlərin xroniki obstruktiv xəstəliyi müəyyən edilib.
Beləliklə müayinədən keçən 4006 nəfərdə ilkin xəstəliklər və patologiyalar aşkar olunub və onların müvafiq müalicəyə başlaması təmin edilib.