30 Dekabr 2017 16:39
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda güclü təsiredici maddənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Bakı-Tbilisi aviareysilə getmək istəyən Hindistan vətəndaşının çantası rentgen aparatından keçirilərkən çantada olan əşyaların monitordakı təsvirləri və sərnişinin hərəkətləri şübhə doğurduğu üçün o, saxlanılıb.

Vətəndaşın çantası təkrar yoxlanılıb və çantanın içərisində olan əşyaların arasında əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 1 ədəd üzərində "Tricare SR Tramadol Hydrochloride Sustained Release Tablets IP 100 mg" və 1 ədəd üzərində "Tricare Tramadol Hydrochloride 50 mg & Paracetamol Tablets" yazılmış dərman qutuları aşkar olunub.

Həmin qutulara baxış zamanı isə birində 180 ədəd, digərində isə 190 ədəd ağ rəngli həb aşkarlanıb.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən həblər "Tramadol" adlı dərman vasitəsidir.

"Tramadol" Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər