25 Yanvar 2018 11:14
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bayıl yamacında, Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində yenidən çatlar əmələ gəlib.

Bunu Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, ərazidə çatlar yaranıb:

“Teleqüllənin yaxınlığındakı əraziyə baxış keçirdik. Divarlarda yerləşdirilən mayaklarda çat yaranıb. Onlar yenisi ilə əvəz edildi. Əvvəlki vəziyyətlə müqayisədə çatlarda 1-2 sm artım qeydə alınıb. Bu gün yenidən əraziyə və mayaklara baxılacaq. Belə deyək ki, aktivlik prosesi davam edir”.

Əziz Qaralov qeyd edib ki, hazırda Teleqüllənin yazınlığında işlər davam etdirilir: “Bizim əməkdaşlar, AMEA-nın və FHN-in mütəxəssisləri ərazidə iş aparır. Ərazi nəzarətdədir və müxtəlif orqanlara gündəlik məlumatlar verilir”.

Qeyd edək ki, Teleqüllənin yaxınlığındakı sürüşmə ilə bağlı xüsusi qərargah yaradılıb.

Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov isə deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin də sərəncamı var ki, sürüşmə sahələrində evlər, hər hansı tikili inşa edilərkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin razılığı olmalıdır: "Ancaq buna məhəl qoyulmur. Bizdən heç soruşan da yoxdur ki, burada ev tikmək olar, ya olmaz".

Nazirlik rəsmisinin sözlərinə görə, Masazırdakı "Qır gölü"nün yaxınlığında olan və hazırda aktivləşən sürüşmə sahəsindəki evlərin yerində əvvəl gölün yatağı olub:

"Həmin yer maili yamacdır. Vaxtilə orada göl olub. Sonra göl qurudulub və evlər tikilib. İndi isə həmin ərazidə qrunt sularının səthə çıxması halı müşahidə edilir. Qrunt sularının səthə çıxması isə sürüşmə sahəsinin dinamikasına təsir göstərir. Ev tikmək məqsədilə "Qır gölü"nün qurudulması prosesi hazırda da davam edir".

Rafiq Həsənov qeyd edib ki, həmin ərazidə evlərin tikilməsi gələcəkdə təhlükəli vəziyyətin yaranmasına səbəb ola bilər:

"Orada ev tikmək məsləhətli deyil. Çünki bura göl yatağıdır, qurudulur, müəyyən qədər torpaq tökülür. Ancaq gələcəkdə yamacın dik hissəsindən aşağıya doğru qrunt suları, təsərrüfat suları axıdılacaq. Bundan başqa, yamac da dikdir. Gələcəkdə yağış suları da ərazidə toplanacaq. Ona görə də orada evlərin tikilməsi məsləhət deyil. Yaxşı olar ki, göl yatağı olan ərazilərdə, maili yamaclarda ev tikilərkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi alınsın".

Rafiq Həsənov əlavə edib ki, vaxtilə göl olan ərazilərdə yaşayış evlərinin tikilməsi halları yalnız "Qır gölü" adlanan yerdə müşahidə edilmir:

"Masazır qəsəbəsindəki bir neçə yerdə subasma sahələri əvvəl göl olub. Zaman-zaman onlar qurudulub və yerində ev tikilib. Sonda da əhali belə subasma problemləri ilə üzləşir. Yəni biz təbiətə nə ediriksə, onun da cavabını alırıq. Bunlar hamısı özümüzün yaratdığı problemlərdir".

Qeyd edək ki, hazırda Masazırdakı "Qır gölü" adlanan ərazidə də sürüşmə prosesi aktivləşib.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər