May və sentyabr ayları həm kəskin xəstəliklərin baş vermə, həm də xroniki xəstəliklərin kəskinləşmə dövrdür.
Teleqraf.com xəbər verir ki, bu sözləri ölkənin baş terapevti Rəhilə Əliyeva bu gün Kliniki Tibbi Mərkəzdə keçirilən mətbuat konfransında bildirib.
Rəhilə Əliyeva deyib ki, Kliniki Tibbi Mərkəzə ən çox müraciətlər tənəffüs sistemi, ürək-damar, sümük-oynaq, mədə-bağırsaq xəstəlikləri ilə bağlı olur:
“Ölümə səbəb olan birinci xəstəlik ürək-damar sistemi xəstəliyidir. Əsasən hipertoniya, ürəyin işemik xəstəliklərindən söhbət gedir. Ötən ilin sentyabr-dekabr aylarında Mərkəzin iki terapiya şöbəsinə 378 nəfər müraciət edib ki, onların 113 nəfəri ürək-damar xəstəsidir. Hətta digər problemlərlə müraciət edənlər də ürək-damar sistemi xəstəliklərindən şikayətçi olurlar.
Müraciətlərdə ikinci yerdə bronxial astmanın ağırlaşması durur. Xəstələrin 30-u məhz bu şikayətlə müraciət edib. 17 nəfər isə pnevmaniya ilə müraciət edib.
Sümük xəstəlikləri də əsasən mövsümi xarakter daşıdığından qeyd elədiyim aylarda şikayətlər artır. Bundan başqa, 34 nəfər ağciyərin xroniki abstruktiv xəstəliyi ilə Mərkəzə müraciət edib. Bu şikayəti əsasən siqaret çəkən kişilərdən alırıq”.
Baş terapevt bildirib ki, hazırda daha çox yayılan xəstəlik xroniki respirator virus xəstəliyidir:
“Kəskin respirator xəstəlikləri ağır xəstəlik hesab edilməsə də, insanlar ona qarşı maksimum diqqətli olmalıdırlar. Ailədə belə xəstə varsa, ondan uzaqlaşmaq çətin olur. Bu zaman çıxış yolu qoruyucu maska taxmaq və qidalanmaya diqqət yetirməkdir. Bu, digər xroniki xəstəliklərin də aktivləşməsinə səbəb olur”.