Milli Məclisin yaz sessiyasında müzakirə ediləcək layihələrdən biri də İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərdir.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov bildirib.
Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 275.2 maddəsinin mövcud redaksiyasında səs-küy çirklənməsi normalarının pozulmasına görə inzibati məsuliyyət (cərimə) nəzərdə tutulub:
“Amma bu normalara dair dəqiq bir göstəriş nəzərdə tutulmayıb. Dəyişikliklə artıq həmin normaların prezidentin 8 iyul 2008-ci il tarixində təsdiq etdiyi “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları” olduğu dəqiqləşdirilir. Bu normalar mənzillərdə, iş otaqlarında, kafe, restoran, xəstəxanalar və digər bir sıra ictimai yerlərdə müəyyən edilir. Beləliklə, artıq İnzibati Xətalar Məcəlləsinin 275.2 maddəsinin praktiki tətbiqi daha aydın olur”.
V.Hüseynov onu da bildirib ki, səs-küy çirklənməsi ilə bağlı qeyd edilən normaların pozulmasına görə fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 2500 manatdan 3500 manatadək məbləğdə, hüquqi şəxslər 8000 manatdan 10000 manatadək məbləğdə cərimə edilir.