Qapalı və ictimai yerlərdə siqaretdən istifadəyə qadağa yenidən gündəmə gəlib. Teleqraf.com xəbər verir ki, qadağanın qüvvədə olduğu yerlərdən biri də şadlıq saraylarıdır. Bəs, eyni anda yüzlərlə insanın bir arada olduğu şadlıq saraylarında siqaret qadağası necə tətbiq olunacaq? Başqa sözlə, şadlıq sarayları buna hazırdırmı?
ARB TV-nin “Günə doğru” verilişində bu suallara cavab axtarılıb.
Bununla bağlı hazırlanan reportajda qeyd olunub ki, “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunun qüvvəyə minməsi ilə əksər şadlıq sarayları fəaliyyətlərində müəyyən dəyişikliklər ediblər. Görünən yerlərə siqaret çəkilməsini qadağan edən nişanlar vurulub.
Qadağanedici nişanların vurulması ilə yanaşı, toy sahiblərinə də şifahi məlumat verilir. Lakin bəzi hallarda qonaqların zallarda siqaret çəkmələrinə nəzarət etmək mümkün olmur. Çünki bu, toy sahibləri ilə aralarında problemlərin yaranmasına gətirib çıxara bilər.
Millət vəkili Fazil Mustafaya görə, hər kəs özünə aid olan işi görsə məsuliyyət yaranmaz: "Əgər qeyd olunan yerlərdə xəbərdarlıq elanı olduğu halda kimsə siqaret çəksə, məsuliyyəti sahibkar deyil, siqaret çəkənin özü daşıyacaq. Hələ ki, İnzibati Xətalar Məcəlləsində cərimənini tətbiqi məsələsi öz həllini tapmayıb. Parlamentin yaz sessiyasında məsələyə baxılacaq. Konkretləşdirmə olacaq”.
Xatırladaq ki, siqaret çəkməyə görə cərimənin tətbiq edilməsi səlahiyyəti Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinə verilib. Lakin cərimələrin miqdarı müəyyənləşdirilməyib. Qanuna əsasən görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarənin olmamasına görə restoran sahibləri də cərimələnəcək.
Bu qanunun tətbiqində əsas məqsəd siqaret çəkənlərin hüquqlarını məhdudlaşdırmaq deyil, əksinə Azərbaycanda tütündən azad zonalar yaratmaq və bundan yaxa qurtarmaq istəyən şəxslər üçün əlverişli şərait yaratmaqdır.