13 Fevral 2018 09:00
1 508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərbiyənin yalnız müəyyən bir qismini ailə ilə, 60-70 faizini isə təhsil müəssisələri ilə əlaqələndirən insanlar var.

Bunu Teleqraf.com-a təhsil eksperti Nadir İsrafilov Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksində baş vermiş hadisəyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bir təhsil müəssisəsində şagirdlərin seksual xarakterli zorakılıq hərəkətləri ilə bağlı cinayət işinin açılması nəinki təhsilimizin, bütövlükdə cəmiyyətimizin qüsuru kimi də yozula bilər:

“Baxmayaraq ki, məktəb rəhbərliyi videogörüntüləri quraşdırma hesab edir, baş verənlərin səbəblərini, videogörüntüləri kimlərin çəkib yaydığını aydınlaşdırmağı vacib sayır, belə hadisələr üzərində şou düzəltməyə ehtiyac görmür. Tərbiyə və təhsil paralel prosesdir. Tərbiyənin yalnız müəyyən bir qismini ailə ilə, 60-70 faizini isə təhsil müəssisələri ilə əlaqələndirən insanlar var”.

Nadir İsrafilov bildirib ki, uşaqların əxlaqi baxımdan yetişməsinin qayğısına indi daha çox qalmaq lazımdır:

“Təlim və tərbiyə bir sosial ünsür kimi cəmiyyətin digər üstqurum və bazis elementləri ilə şərtlənir və mövcud əxlaqi keyfiyyətlər sosial, iqtisadi, hüquqi münasibətlər fonunda təlim-tərbiyə prosesinə təsirsiz ötüşmür. Deməli, hadisənin səbəblərini daha dərində axtarmalıyıq.

O qədər də uzaq olmayan bir vaxtlar məktəb təhsili dedikdə, ilk ağlımıza gələn “təlim-tərbiyə prosesinin təşkili” məfhumu idi. Ancaq son zamanlar təhsil barədə düşünəndə, adətən, müəyən bilik əldə edib, nə yolla olur-olsun hansısa bir ali təhsil müəssisəsinə daxil olmaq, diplom almaq istəyi qəbul olunur.

Bizim arzularımızdan asılı olmayaraq, müasir dövrümüzdə tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını itirməyə meyllidir. Başqa sözlə, təlimə ifrat aludəçiliyimiz tərbiyə məsələlərini arxa plana keçirib.

Hətta məktəbəqədər tərbiyə müəssisəsi adlandırdığımız uşaq bağçalarında belə təhsil tərbiyəni üstələyir, məktəbəqədər yaşlı uşaqların harmonik inkişafını və tərbiyəsini lazımı səviyyədə təmin etmir”.

Ekspert bildirib ki, 90-cı illərdə Təhsil Nazirliyi elmi-pedaqoji və psixoloji əsaslı, müasir məzmunlu “Tərbiyə konsepsiyası” hazırlamaq ideyasını ortaya atmış, hətta uyğun layihə belə hazırlanmışdı:

“Sonralar naməlum səbəblərdən bu istiqamətdə iş dayandırıldı. Məktəblərdə təlim-tərbiyə işinin təşkilinə dair nə qədər fərqli təlimat, metodiki tövsiyə, əsasnamə və digər istiqamətləndirici normativ sənədlər olsa belə, zəmanəmizdə tərbiyə işi bir növ məzmun və mahiyyətinə diqqət yetirilməyən mənəvi dəyərlər siseminə çevrilib”.

Nadir İsrafilov qeyd edib ki, məktəblərdə zorakılıq hallarına baş verməsinə səbəb dəyərlərin aşınmasıdır:

“İnsani münasibətləri əngəlləyən ifrat virtual ünsiyyətdən "əməkdaşlıq pedaqogikası" adlanan canlı ünsiyyətə keçmək məcburiyyətindəyik. Müəllim-şagird-valideyn münasibətlərinin genişləndirilməsi yollarını axtarmalıyıq. Telekanallarda zorakılıq, şiddət hallarının təkrar-təkrar göstərilməsi, saytlarda bu qəbildən olan video-görüntülərin yayımlanması yolverilməzdir.

Şagirdlərin məktəbə telefonla, smartfonla daxil olmasına qadağa qoymaq lazımdır. Məktəbdə psixoloqlar təkcə uşaqlarla yox, müəllimlərlə də işləməlidir.

Son zamanlar məktəblərimizdə müəllim və şagirdlər arasında münasibətlər, bütövlükdə cəmiyyətimizdə baş verən neqativ təzahürlər yeni yanaşmanı aktuallaşdırır. Qeyd edilən fakta sırf pedaqoji aspektdən nəzər salmaq, onu yalnız təhsilin mövcud durumu ilə əlaqələndirmək də düzgün olmaz. Bu hallar daha çox sosial xarakterli məsələ kimi ortaya çıxır”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər