Velosipedçi yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla yanaşı öz həyatını da təhlükəyə atıb.
Bu sözləri Teleqraf.com-a açıqlamasında hüquqşünas Ərşad Hüseynov deyib.
Onun sözlərinə görə, velosipedçi başqa bir avtomobildən tutaraq hərəkət etdiyi üçün həyatını riskə atıb: “Yol hərəkəti haqqında qanunu kobud şəkildə pozub. Qanunun 46-cı maddəsi velosipedçilərin hərəkəti ilə bağlıdır. Orada qeyd olunub ki, velosipedçilər yolun ancaq sağ kənarı ilə getməlidir, növbəti zolaqlara keçməməlidirlər.
Velosiped insanın əzələ gücü hesabına hərəkət edən nəqliyyat vasitəsidir.
Velosiped digər avtomobilin hərəkəti hesabına gedərkən, həmin avtomobilin sürücüsü qəfil maşını əyləsə, velosipedçi yerə və ya avtomobilə çırpıla, arxadan gələn avtomobillərin altında qala bilər.
Fikrimcə, İnzibati Xətalar Məcəlləsində də çatışmazlıq var. 338.4-cu maddədə göstərilir ki, velosipedçi yol nişanlarını, işıqforun tələblərini pozarsa cərimə olunur. Amma velosipedlə yolun digər hərəkət hissəsinə keçməsi, yerdəyişməsinə görə cərimə yoxdur. Bu, qanun boşluğudur. Dünyanın hər yerində yazılıb ki, velosipedçinin hər tip qaydaları pozmasına görə cərimə olunur. Bizdə isə şərtləndirilib”.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakıda velosipedçi mikroavtobusun qapısından tutaraq hərəkət edib.
Velosipedçinin bu əməli həm özünə, həm də maşınlara qəza şəraiti yaradıb.