17 Fevral 2018 14:34
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyinin yaradılması məhsul üzərində onun hərəkəti boyunca nəzarəti həyata keçirməyə imkan verəcək.

Teleqraf.com xəbər verir ki, bunu Kənd Təsərrüfatı naziri Heydər Əsədov nazirliyin kollegiyasının geniş iclasında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması funksiyası bir neçə orqan arasında bölüşdürülmüşdü. Bu orqanlardan hər biri işin müəyyən hissəsini yerinə yetirirdi ki, bu da nəzarəti bütünlüklə təmin etməyə imkan vermirdi: “Agentliyin yaradılması nəzarəti təkcə bir struktur çərçivəsində təmin etməyə deyil, həm də məhsul üzərində tarladan son istehlakçıya qədər hərəkəti boyunca nəzarəti həyata keçirməyə imkan verəcək”.

Daha sonra nazir Azərbaycanda arıçılara subsidiyaların verilməsi prosesi yaxın zamanlarda başlayacağını bildirib: “Bununla bağlı bütün sənədlər hazırlanıb və iqtisadi strukturlarla razılaşdırılıb. İki gün əvvəl sənədlər Nazirlər Kabinetinə təqdim edilib və hesab edirəm ki, yaxın günlərdə həmin sənədlər Prezident Administrasiyasına təqdim olunacaq”.

Heydər Əsədov çıxışı zamanı bildirib ki, Azərbaycanda müxtəlif kənd təsərrüfatı sahələrinin inkişafı üzrə proqramların qəbul olunması bu sahələrdə idxaldan asılılığı əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək: “Ötən ilin iyulundan Azərbaycanda bununla bağlı 3 proqram, 2018-ci ilin əvvəlindən isə daha 3 proqram təsdiq edilib. 2017-ci ildə Azərbaycan 1,2 milyon ton buğda idxal edib. Bu, 2016-cı ildə qeydə alınan göstəricidən 25 faiz azdır”.

Nazir bildirib ki, ötən il ölkədə taxılçılıq sahəsində müəyyən uğurlar əldə edilib: “Nəticədə biz 2017-ci ildə 1,2 milyon ton buğda idxal etdik. 2016-cı ilə bu rəqəm 1,6 milyon tona bərabər idi. Ümumilikdə ötən il buğdanın idxalına 227 milyon dollar xərclənib. İdxal olunan buğda ölkədə istehlakın 37 faizini təşkil edib. Azərbaycan bu il taxılyığma texnikası alacaq. Bizim taxılyığma kombaynlarının tədarükü ilə bağlı müqaviləmiz var. Onların tədarükü apreldən başlayacaq. Bu il biz 190 ədəd kombayn almağı planlaşdırırıq”.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər