6 Avqust 2014 18:35
2 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərbiyə prosesində nənə-babanın rolu böyük əhəmiyyət daşıyır. Çünki ailə tək ata, ana və uşaqdan ibarət deyil. Amma nənə-baba bəzən bilmədən uşağı çox ərköyün etməklə tərbiyəsinə mənfi təsir göstərə bilər.

Hər bir qohumla olan münasibətin belə uşağa təsiri olur. Nənə-baba tərbiyəsi isə birinci növbədə qayğı, müdriklik və həyat təcrübəsi deməkdir. Uşaq onlarla münasibət nəticəsində yaşlı nəsilə davranış qaydalarını öyrənir. Bəzən gənc ailələr övladlarının tərbiyəsini valideynlərinə etibar etməkdə bir az tərəddüd edirlər.

Nənə-babanın uşaqla daha ürəkdən davrandığı məlumdur. Bəzən vaxtın azlığından və ya digər səbəblərdən valideynin gözündən qaçan xırda detallar ola bilir. Nənə-baba bu detalları daha tez sezir və tədbir görür. Ümumiyyətlə, hesab olunur ki, nəvə və nənə-baba arasında sanki sehrli bir əlaqə var və bu uşaq psixologiyasına müsbət təsir edir. Məsələn, bir nağılı uşağa həm ana, həm nənə söylədikdə onun üçün nənənin söylədiyi nağıl daha maraqlı olur. Həm də bu əlaqədə ciddi tələb və cəzalanma qorxusu olmur.


Amma, nənə-baba bəzən bilmədən uşağı çox ərköyün etməklə tərbiyəsinə mənfi təsir göstərə bilir. Uşağın hər istədiyini yerinə yetirmək, çox hədiyyə almaqla onun sevgisini qazanmaq kimi hallar buna misal ola bilər. Yaxud bəzən ata və ya ananın qoyduğu bir sıra ciddi qaydalara nənə-baba uşağa güzəştə gedərək istədiyi kimi hərəkət etməyə icazə verir və ya valideyn uşağa irad tutan zaman nənə-baba müdaxilə edib onu "qorumağa” çalışır.

Belə hallar valideynin avtoritetini aşağı salır və təbii ki, eyni zamanda uşağın tərbiyəsinə və bəzən hətta sağlamlığına da mənfi təsir göstərir (həddən artıq şirniyyat qəbulu və ya saatlarla televizor izləmə kimi hallar). Xüsusilə, nənə-baba ilə birgə yaşayan ailələrdə və ya uşağa əsasən nənə-baba baxırsa bu məqamlara diqqətli yanaşılmalıdır. Uşaqla əlaqəli müxtəlif qərarlar almaq halları iki valideyn arasında da baş verir və belə hallar tez-tez təkrarlanarsa uşaq həm qərarsız biri kimi böyüyər, həm valideynlərinə olan güvəni itər və aqressiya yaranar, həm də həmin situasiyada özünə sərf edən variantı seçər. Yaxşı olar ki, valideynlər və nənə- baba uşağın tərbiyəsi ilə əlaqəli məsələlərdə uşağın iştirakı olmadan birgə oturaraq öz aralarında ortaq qərarlar versinlər və hər kəs buna uyğun davransın. Amma əlbəttə ki, bunu yaşlı nəsli incitmədən, fikirlərini əsaslandıraraq, bəzi yanlış halların uşağa verə biləcəyi fəsadları başa salaraq etmək lazımdır. Çünki nə də olsa nənə-baba və valideynlər bu səhvləri sevgidən edirlər və böyüklər arasındakı bu anlaşılmazlıqlardan kimsə nəsə udmur, yalnız uduzan olur, o da uşaqlardır.

Ümumilikdə isə tərbiyə prosesində iki nəslin iştirakı müsbət haldır və uşağın şəxsiyyətinin formalaşmasına yaxşı təsir göstərir. Hərdən problemlər olsa da, əsasən, sevinc və xoşbəxtlik gətirir. Yaşlı nəsillə yaxşı münasibətdə olan ailədə böyüyən uşaqlar qarşılıqlı anlaşma, hörmət və sevgi anlayışlarını mənimsəyirlər.


Müəllif:

Oxşar xəbərlər