Metropolitenin əsas funksiyası sərnişindaşımadır. Tibb məntəqəsi isə xüsusi lisenziya tələb edən bir sahədir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, metro ictimai nəqliyyat növüdür: “Avtobus, trolleybus, tramvay kimi onun da əsas funksiyası sərnişindaşımadır. Tibb məntəqəsi isə xüsusi lisenziya tələb edən sahədir. Yoxsa kim harda istədi, bir tibb məntəqəsi açardı. Metro işçisi qatar sürür, yol göstərir, eskalator düzəldir, şpal dəyişir...”
Nəsimi Paşayev qeyd edib ki, tibb məntəqəsi açmaq və oraya tibb işiləri götürmək metropolitenin səlahiyyətində deyil:
“Metropoliten ərazisindədə sərnişinlərin səhhətində problem yarananda əməkdaşlarımız Təcili Tibbi Yardım çağırırlar. Metropolitenin Təcili Yardımın baş idarəsi ilə birbaşa rabitə əlaqəsi də var”.
Qeyd edək ki, sosial şəbəkələrdə metro stansiyalarda tibb məntəqələrinin olmaması müzakirə edilib.