26 Fevral 2018 20:44
1 409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəhərdə sıxlıq, tıxac və digər səbəblərə görə hərəkət mümkün deyilsə, təbii ki, marşrut avtobusunun gözləməkdən başqa çarə qalmır.

Bu sözləri BakuBus MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur Piriyev Teleqraf.com-a paytaxtda son zamanlar müşahidə edilən avtobus gecikmələrini şərh edərkən deyib.

Onun sözlərinə görə, xüsusilə pik vaxtlarda şəhərin mərkəzi küçələrində avtomobil sıxlığı marşrut avtobuslarının ləngiməsinə səbəb olur:

“Açığı, bu ləngimələr sərnişinlərdən çox bizi narahat edir. Çünki əvvəlcədən müəyyən olunmuş qrafikin yenidən bərpası üçün əlavə qüvvələrin cəlb olunmasına ehtiyac yaranır.

Hesab edirəm ki, şəxsi avtomobilləri ictimai nəqliyyatla əvəzləməyin vaxtı çoxdan çatıb. Öncə ona görə ki, bu, ümumi mənafeyə uyğundur. Bundan başqa, kütləvi şəkildə ictimai nəqliyyatdan istifadə şəhərdə maşın sıxlığının azalması, yollarda daha az tıxac, daha az qəza, daha az ölüm, daha az səs-küy, daha az əsəb pozuntusu, daha yaxşı ekoloji vəziyyət və təmiz hava deməkdir”.

Mənsur Piriyev bildirib ki, şəhərdə hərəkət edən fərdi avtomobillərin salonuna diqqət yetirəndə əksər maşınlarda sadəcə sürücüləri görürük: “Maddi vəziyyəti nisbətən əlverişli olan ailələrin eyni vaxtda bir neçə avtomobildən istifadə etdiyi, səhər işə hərəsinin öz maşınıyla yollandığı məlum olur. Əlbəttə, bu kimi hallar təkcə fərdi avtomobilə olan tələbatla bağlı deyil. Bu, həm də şəhərdaxili yollarda tıxacların, atmosfer çirklənməsinin, səs-küyün, yollarda qəzaların, insan ölümlərinin artımına səbəb olur. Buna görə də məcburiyyət olmadığı vaxtlarda insanlar şəxsi avtomobillər əvəzinə ictimai nəqliyyatdan istifadəyə üstünlük verməlidirlər”.

Şöbə müdiri əlavə edib ki, şəxsi avtomobillərdən istifadə edən insanlar mümkün qədər şəhərin mərkəzi küçələrindən, tıxacların daha çox yarandığı yollardan yox, ictimai nəqliyyatın gur olmadığı digər alternativ yollardan istifadə etməlidir:

“Bu, ümumi mənafeyə xidmət etməklə yanaşı, həmin insanlara vaxta, yanacağa qənaət və təbii ki, əsəb sakitliyi imkanı da yaradacaq”.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər