Bu gün Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Ümumdünya Gömrük Təşkilatının "Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram"ının koordinatorlarının illik iclasında iştirak etmək üçün Azərbaycana gələn "Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram"ın ÜGT-dən olan baş koordinatoru Norbert Steyln, BMT NCİ-dən olan baş koordinatoru Ketil Ottersen, Cənubi Qafqaz və Qara Dəniz ölkələri üzrə regional koordinatoru Naida Camilova ilə görüşüb.
DGK-dan Teleqraf.com-a Aydın Əliyev Azərbaycan Gömrük Xidməti ilə Ümumdünya Gömrük Təşkilatı və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi arasında mövcud əlaqələrdən söhbət açıb, bu əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə edib.
2011-ci ildə Bakıda BMT-nin dəstəyi ilə Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Beynəlxalq Konfransa Azərbaycanın ev sahibliyi etdiyini məmnunluqla xatırladan Komitə sədri tədbirin əhəmiyyətindən danışıb.
DGK sədri Azərbaycanda ÜGT-nin üç regional strukturu - Tədris Mərkəzi, Potensialın Gücləndirilməsi üzrə Avropa Ofisi və Kinoloji Mərkəzin yerləşdiyini, bu mərkəzlərdə bir sıra ölkələrdən ekspertlərin iştirakı ilə önəmli treninqlərin, seminarların keçirildiyini, gələcəkdə də bu tədbirlərin davam etdirilməsinin vacib olduğunu söyləyib.
Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriyanın ÜGT ilə Azərbaycan Gömrük Xidməti arasında əlaqələrin gələcək perspektivlərindən danışıb.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı, biznes mühiti və sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsi, tranzit potensialının gücləndirilməsi, turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edən DGK sədri sözügedən sahələrdə mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb.
Qeyd edilib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, gömrük işinin təşkili istiqamətində də ciddi uğurlar əldə olunub. Son illər həyata keçirilən mütərəqqi islahatlar, müasir tətbiqlər hesabına gömrük orqanları dinamik şəkildə inkişaf edərək nəinki ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda, beynəlxalq ticarətin təhlükəsiz və sürətli şəkildə həyata keçirilməsində mühüm rol oynayan quruma çevrilib.
"Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram"ın icrası çərçivəsində həyata keçirilən tədbirlərdən də söhbət açan Komitə sədri bu istiqamətdə işlərin ürəkaçan olmadığını, konteyner daşımalarına nəzarətin səmərəliliyinin artırılması və bu sistemin tətbiqi üçün işçi qrupunun yaradılacağını bildirib və gələcəkdə qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsini özündə ehtiva edən memorandumun imzalanmasının önəmini qeyd edib.
"Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram"ın ÜGT-dən olan baş koordinatoru Norbert Steyln Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib.
Norbert Steyln "Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram"ın icrası prosesində Azərbaycan gömrüyünə bundan sonra da tam dəstək göstərəcəklərini bildirib, eyni zamanda, Əfqanıstan və Pakistan gömrükçüləri üçün ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində sərhədlərin təhlükəsizliyi ilə bağlı təlimlərin keçirilməsinə şərait yaradılmasını xahiş edib.
Görüş başa çatdıqdan sonra qonaqlar Dövlət Gömrük Komitəsində gömrük xidmətinin müasirləşdirilməsilə bağlı layihələr və "Hədəf" Mərkəzi ilə tanış olublar.