Teleqraf.com Azərbaycan Cümhuriyyətinin ikinci baş naziri Nəsib bəy Yusifbəylinin 1919-cu il 28 mayda dövlətin bir yaşı münasibətilə xalqa müraciətini təqdim edir:
***
Azərbaycan vətəndaşları!
Seçdiyiniz məbusların müştərək rəyi üzərinə bir il əvvəl Azərbaycan xalqı müstəqil siyasi həyata başlamışdır. Azərbaycan Cümhuriyyətinin milli bayramı olan 28 may 1919-cu ilin xatirəsi ümumAzərbaycan vətəndaşlarından ötrü müqəddəs olaraq qalacaqdır. Öz milli bayrağınız sayəsində bir illik azad və sərbəst həyatınız Azərbaycanın bu böyük tarixi gününün əhəmiyyətini sözdən daha açıq izah etməkdədir. Sizin qarşınızdan bütün yüksək duyğularımızı, milli mədəniyyətimizi və müqəddəs ideallarımızı ayaq altına almış çar dövrü irticasının ağır tarixi gəlib keçdi. Biz sərbəst mədəni inkişaf haqqında ən adi siyasi hüquqlardan məhrum edilmişdik. Bizim ən müqəddəs arzularımız qəti tədbirlərlə kökündən məhv edilirdi. Sizin qarşınızdan doğma yurdlarınızı, uşaq və qadınlarınızı qan və təxribat içərisinə alıb aparan dağıdıcı bolşevik anarxiyası gəlib keçdi. Qana boyanmış Azərbaycan türk xalqı sərbəst buraxılmış, öz istiqbalına olan imanı ilə yaşayır, azad və müstəqil yaşamaq yoluna girirdi. O yol ki, ondan heç bir zaman dönmək olmayacaqdır. Dövlət orqanizminin təşkili və ən dərinə qədər milli və dövləti duyğuların aşılanması üzərində yorulmaq bilməyən məbuslarınızın keçən ilki fəaliyyəti, seçmiş olduğunuz yolun milli iradəsinin sərbəst ifadəsini təşkil etdiyini isbat etdi. Milli həyatın bu az müddəti ərzində Azərbaycan türkü müstəqil həyata olan dövləti istedad və qabiliyyətini göstərdi. Dövlət asayişi və əmniyyət bərpa edilmiş, dövlət aparatı yeni müstəqil həyat və şəraitlə uyğunlaşdırılmışdır, bir dəqiqə olsun fəaliyyətini tərk etməməkdədir.
İxtilalın bütün başlıca zəfərləri mühafizə edilmiş və biz Azərbaycan xalqının iradəsini izhar edəcək parlament seçkilərini qarşılayırıq. Azərbaycanın istiqlala olan haqq və səlahiyyətini mühafizə etmək hamımızdan ötrü müqəddəs bir vəzifədir.
Azərbaycan vətəndaşları!
Təhlükə hələ keçməyib. Üzərimizə qara buludlar yürüməkdə və bizim asayiş və hürriyyətimizi təhdid etməkdədir. Hürriyyət və istiqlalımızı təhdid edən qara qüvvələrlə ancaq mütəşəkkil və birləşmiş mücadilə etməklə rahat və sərbəst yaşamaq haqqını qazanmış olacağıq.
Azərbaycan vətəndaşları!
Qoy, 28 may milli sevinc günü olsun. Bugün, gənc Azərbaycan Demokratik Cümhuriyyətinin təsis edildiyi gündə heç bir fərq olmadan bütün millət, bütün Azərbaycan vətəndaşları özlərini kamiləl-hüquq bir vətəndaş hiss etsinlər. Qoy bugün böyük milli arzuların həyata keçdiyi, cahan millətlərinin müqəddəs haqlarının zəfər qazandığı bir gün olsun. Azərbaycanın qüdrətinə və milli vəhdətinə dərin iman bəsləyən Azərbaycan hökuməti millətin hər cəhətdən yardım və dəstək göstərəcəyi ümidi ilə ikinci ilə girərkən bütün vətəndaşları Azərbaycanın böyük milli dövlət bayramilə təbrik edər.
Azərbaycan Cümhuriyyəti Nazirlər Şurası rəisi
Yusifbəyli Nəsib
Mənbə: “Odlu Yurt” jurnalı, 1931, 28-ci say