11.07
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 12-dən müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb.
Təlimlərə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.
Təlimlər martın 17-dək davam edəcək.
***
13:22
Genişmiqyaslı təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edir.
Qoşunların idarəedilməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.
Təlimin hazırkı mərhələsinin şərtlərinə uyğun olaraq qoşunlar nəzərdə tutulan tədbirləri icra edir.
***
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilən genişmiqyaslı təlimlərin planına uyğun olaraq təlimlərdə iştirak edən şəxsi heyət, zirehli texnika, aviasiya vasitələri, raket və artilleriya qurğuları, təminat bölmələri və digər hissələrin yerdəyişməsi həyata keçirilir.
Qoşunlar planlı şəkildə müəyyən edilmiş marşrutlar üzrə hərəkət edərək daimi dislokasiya yerlərindən təlimlərin keçirildiyi bölgələrdəki cəmləşmə rayonlarına toplanır.