Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Dövlət Gömrük Komitəsinə ümumi tranzit proseduru və mallarla ticarətdə sənədləşmənin sadələşdirilməsi konvensiyalarına üzvolma, eləcə də Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) qoşulmaya hazirlıq prosesində dəstək” mövzusunda milli seminar başlayıb.
Teleqraf.com-un məlumatına görə, tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev yerləşdiyi coğrafi məkan baxımından qədim İpək Yolunun fəaliyyətində ölkəmizin mühüm rolu barədə məlumat verib.
Ümummili lider Heydər Əliyevin Azərbaycanın beynəlxalq ticarətdəki tarixi missiyasını özünə qaytarmaq məqsədilə gördüyü mühüm işlərdən bəhs edən Komitə sədri 1998-ci ildə ulu öndərin şəxsi təşəbbüsü ilə qədim İpək Yolunun bərpası ilə bağlı Bakıda beynəlxalq konfransın keçirildiyini və mühüm sazişin imzalandığını diqqətə çatdırıb.
Aydın Əliyev bildirib ki, prezident İlham Əliyevin fərmanına əsasən 2009-cu il yanvar ayının 1-dən sərhəd-keçid məntəqələrində “bir pəncərə” sisteminin tətbiqi bu sahədə atılan mühüm addımlardan biri kimi qiymətləndirilib. 2015-ci ilin iyul ayında Nazirlər Kabinetinin iclasında çıxışı zamanı qeyri-neft sektorunun inkişafı, sahibkarlığa dəstək və nəqliyyat sektorunun inkişaf etdirilməsi istiqamətində ölkə başçısının tapşırıqlarını xatırladan Aydın Əliyev bildirib ki, bundan sonra ölkəmizin nəqliyyat sektorunun inkişafı, tranzit imkanlarının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Komitə sədri sonrakı illərdə bir sıra ölkələr üçün nümuəvi qanunvericilik aktları qəbul edildiyini vurğulayaraq nəticədə sərhəd-keçid məntəqələrində fəaliyyətin sadələşdirilmiş qaydada həyata keçirilməsi, gömrük rəsmiləşdirilməsi üçün tələb olunan sənədlərin minimuma endirilməsi, elektron bəyannamənin tətbiqi və tranzitin inkişafı ilə bağlı gömrük orqanlarının qarşısında konkret məsələlər qoyulduğunu diqqətə çatdırıb.
Aydın Əliyev bildirib ki, ölkəmizin tranzit imkanlarının artırılması məqsədilə görülən işlər çərçivəsində 2016-cı ilin dekabr ayında təsdiq edilən “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə bu sahədə həyata keçiriləcək konkret tədbirlər müəyyənləşdirilib və həmin tədbirlərin biri kimi Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə qoşulmaq barədə Azərbaycan gömrük orqanları və əlaqədar qurumlar qarşısında məsələ qoyulub. Ötən ilin dekabr ayında Azərbaycanın xüsusi müşahidəçi statusunu alaraq ilk mərhələni uğurla keçdiyini diqqətə çatdıran Komitə sədri, əlaqədar qurumlarla birlikdə görülən işlərin tezliklə müsbət nəticə verəcəyinə inamını ifadə edib.
Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri, Şimal-Cənub nəqliyyat dəhlizinin inşasından da bəhs edən Aydın Əliyev Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının ikinci iclasının bu qurum tərəfindən cari ilin may ayında Bakıda keçirilməsinə qərar verilməsinin də ölkəmizin tranzit imkanlarının genişlənməsində mühüm rol oynayacağını bildirib.
Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, Gəmiqayırma zavodunun inşası, Bakı-Böyük Kəsik dəmiryolunun yenidən qurulması, bir neçə beynəlxalq hava limanlarının tikilərək istifadəyə verilməsi, yeni nəqliyyat vasitələrinin alınmasını bu sahədə atılan uğurlu addımlar kimi qiymətləndirib. Niyazi Səfərov Prerzident İlham Əliyevin fərmanı ilə 2015-ci ildə “Tranzit Yükdaşımaları üzrə Koordinasiya Şurası”nın yaradıldığını və bu qərarın ölkənin tranzit potensialının gücləndirilməsi sahəsində mühüm işlərin görülməsinə və müsbət nəticələrin əldə olunmasına şərait yaratdığını diqqətə çatdırıb. Belə ki, 2017-ci ildə ölkə ərazisindən 10,4 milyon ton yük daşınıb ki, bu da 2016-cı illə müqayisədə 16 faiz çoxdur.
Tədbirdə ekspert qismində iştirak edən SlovakiyanınMaliyyə Direktorluğunun Gömrük Bölməsinin direktor müavini Marian Çodak bildirib ki, seminar çərçivəsində iştirakçılara Ümumi Tranzit Konvensiyasına qoşulmağın faydaları, bu konvensiyaya qoşulma qaydaları barədə məlumat veriləcək, layihənin Azərbaycana faydalarından bəhs olunacaq.