27 Mart 2018 15:54
2 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bayram günlərində paytaxt sakinləri, şəhərimizin qonaqları və turistlər müxtəlif görməli yerlərə, o cümlədən muzeylərə baş çəkmək istəyirlər. Bəs həmin günlərdə muzeylər açıq olurmu?

Teleqraf.com bəzi muzeylərin bayram günlərində iş qrafiki ilə maraqlanıb.

Azərbaycan Xalça Muzeyi mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova bildirib ki, bu məədniyyət ocağı bayram günlərində də işləyib: “Muzeydə Novruz bayramı ilə bağlı silsilə “Ailə günü”nə start verilib. Muzeydə proqram çərçivəsində xalqımızın qədim milli bayramı olan Novruzla əlaqədar silsilə tədbirlər təşkil olunub. Maarifçi və əyləncəli tədbirlər, o cümlədən ustad dərsləri və müxtəlif maraqlı təlimlər olub.

Novruz bayramı ilə bağlı əsrlərdən gələn adət-ənənələr, mərasimlər haqqında maraqlı məlumatlar təqdim olunub.

Müxtəlif tədbirlərlə yanaşı “Bir eksponatın tarixi” layihəsində muzeyin “Xovsuz xalçalar” kolleksiyasında saxlanılan şəddə xalçalarının toxunma texnologiyalarından, Novruz ənənələrinin tarixindən də söz açılıb. Bu tədbirlər Azərbaycanda bayramla əlaqədar nəzərdə tutulan tətil günlərində də davam edib. Məqsəd Bakı sakinləri və şəhərimizin qonaqlarına Azərbaycanın maddi-mədəni irsini, milli mədəniyyəti təbliğ etməkdir”.

Milli Azərbaycan Tarixi Muzeyindən bildirilib ki, Novruz bayramı ilə əlaqədar muzey martın 20-22-də işləməyib: “Martın 23-dən başlayaraq Muzeyin elmi ekspozisiyası və sərgi zalları adi iş qrafiki ilə fəaliyyət göstərib”.

Heydər Əliyev Mərkəzindəki Muzey və sərgilər martın 20-22-də işləməyib. Digər bayram günlərində isə Heydər Əliyev Muzeyi və sərgilər açıq olub.

Martın 23-dən başlayaraq, ayın 28-ə kimi Muzey və sərgilər saat 11.00-dan 18.00-dək işləyəcək. Mərkəzdə Heydər Əliyev Muzeyi, “Azərbaycan inciləri: tarixin axarında”, “Mini Azərbaycan” daimi sərgiləri fəaliyyət göstərir. Bunlardan başqa hazırda “Klassik avtomobil sərgisi”, “Afrikanın vəhşi təbiəti”, “İncəsənət və zərgərlik”, Art, Səməni sərgiləri də nümayiş olunur.

“Klassik avtomobil sərgisi” həftənin cümə, şənbə, bazar günləri açıq olur.

Azərbaycan Milli İncəsənət Muzeyi də bayram günlərində işləyib. Mart ayının 20dən 26-na kimi hər gün səhər saat 10-dan 19:00 kimi fəaliyyət göstərib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov bildirib ki, nazirliyin tabeliyində olan muzeylər bayram günlərində normal iş fəaliyyətində olur: “Novruz bayram günlərində şəhərin müxtəlif yerlərində nazirlik və bir sıra digər dövlət qurumları tərəfindən müxtəlif tədbirlər, festivallar təşkil edilib. O cümlədən şəhərmizə qonşu ölkələrdən - İran, Rusiya, Gürcüstan, və Körfəz ölkələrindən gələn turistlər nəzərə alınaraq, Mədəniyyət və Turizm Nazirliyinin strukturunda olan muzey, tarix və mədəniyyət abidələri, qoruqlar fəaliyyətini davam etdirib”.

Vüqar Şixəmmədov qeyd edib ki, çoxsaylı turistlər üçün ekskursiyalar təşkil edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının mətbuat xidmətindən bildirilib ki, onların tabeliyində olan muzeylərin bəzi günlər işləməməsi muzey rəhbərlərinin öz qərarı əsasında olub.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər