Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanının miqdarı sanitar normadan artıq olmasının səbəbi məlum olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanının miqdarı sanitar normadan artıq olduğu müəyyən edilib.
Buna səbəb ölkə ərazisinə Ərəbistan yarımadasından atmosfer axınları ilə zəif toz dumanının daxil olmasıdır.
Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, 30 mart 2018-ci il tarixində ölkə ərazisinə daxil olan şimal-qərb küləyi ilə əlaqədar olaraq Bakı və Abşeron yarımadasında günorta saatlarından başlayaraq havada tozun miqdarının azalaraq sanitar norma daxilində olacağı proqnozlaşdırılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, bu gün güclü şimal-qərb küləyinin əsməsi müşahidə olunur: “Bu cür hava şəraitinin sabah səhər saatlarına kimi davam edəcəyi gözlənir. Günorta saatlarında küləyin sürəti azalacaq”.