Çox güman ki, hərbi sursatların döyüş getməyən ərazilərdə tapılması əhali tərəfindən metal yığımı zamanı baş verir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında ANAMA-ın mətbuat xidməti Səbinə Sərkərova son zamanlar döyüş bölgəsindən qıraqda aşkarlanan döyüş sursatlarının həmin ərazilərə necə düşməsi sualına cavab verərəkən deyib.
Onun sözlərinə görə, hərbi sursatlar həmin yerlərə sonradan atılır: “Bizə müraciət olan kimi təxirəsalınmaz tədbirlər görür, xüsusi mobil çevik qruplarımız tərəfindən təmizlənmə əməliyyatı aparılır”.
Qeyd edək ki, martın 29-u Sumqayıtda uşaq bağçasının yaxınlığından 2 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb. Ümumilikdə Agentlik tərəfindən bu il yanvarın 1-dən martın 29-dək Ağdam, Ağcabədi, Ağstafa, Abşeron, Beyləqan, Füzuli, Tərtər, Qazax, Naftalan, Goranboy, Yevlax, Xızı, Şəmkir, İsmayıllı, Lənkəran rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 9 ev və həyətyanı sahəyə, 3 əkin sahəsinə, 1 fərdi yaşayış evinin qarşısına, 1 ferma ərazisinə, 7 otlaq sahəsinə, su kanalına, kənd qəbirstanlığının yaxınlığına, məişət tullantıları ərazisinə, yol kənarına, RPŞ-nin inzibati ərazisinə, hərbi hissənin yaxınlığına, Yuxarı Qarabağ kanalına, beton zavod və bazar ərazisinə baxış keçirilib, 2398 ədəd partlamamış hərbi sursat, 2 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.