Bir müddət öncə bütün Rusiya ərazisində TELEGRAM mesenceri məhkəmə qərarı ilə bloklanıb.
Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib.
Onun sözlərinə görə, bloklanmaya səbəb Rusiya xüsusi xidmətinin bu mesencerin şifrələrini tələb etməsidir: “Bununla da xüsusi xidmət bu mesencer istifadəçilərinin yazışmalarını oxuya biləcəkdi. Qəribədir ki, bu mesencerin yaradıcısı da elə özlərinki, yəni Pavel Durovdur. Pavel şifrələri verməkdən indiyədək imtina edib.
Xatırlayıram ki, bir neçə il öncə özünün Vkontakte şəbəkəsindən məcburən uzaqlaşanda o, səbəb olaraq təxminən belə qeyd etmişdi: “Sosial şəbəkəmizin işinin əsasını təşkil edən prinsipləri müdafiə etmək çətinləşib”.
Qəribə vəziyyət yaranıb. Ruslar vətəndaşları izləmək üçün Quql, feysbuk və digər qlobal resurslardan da bu tip məlumatları, kodları tələb edirlər. Əgər öz vətəndaşları hökumətə etibar edib kodları vermirsə, onda xaricilərdən bunu hansı məntiqlə istəyəcəklər və ya onlar hansı məntiqlə bu tip kodları verməlidirlər?
Yeri gəlmişkən, çoxsaylı internet resursların bloklanma əməliyyatlarından sonra Rusiyada əhalinin xeyli hissəsinin artıq VPN sahəsində mütəxəssis olduğu bildirilir”.