28 Aprel 2018 09:00
1 422
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taksi ictimai nəqliyyat xidmətidir, buna görə də müvafiq şirkətlər öz işini nəqliyyat etikası əsasında qurmalı, müştəri məmnunluğu təmin etməli, yol hərəkəti qaydaları və təhlükəsizliyini nəzərə almalıdırlar.

Bu sözləri Teleqraf.com-a açıqlamasında “Digesta” hüquq firmasının direktoru Ərşad Hüseynov deyib.

Onun sözlərinə görə, həmin şirkətlər qoyulan tələblərə cavab verməlidirlər: “Yəni sürücülərlə müqavilə bağlanarkən onlar təlimatlandırılmalıdır. İki istiqamətdə hazırlığa xüsusi fikir verilməlidir. Birincisi, şəhəri tanımaq və maksimum dərəcədə bələd olmaq, ikincisi isə müştəri ilə etik davranış qaydalarına əməl etmək. Təbii ki, sürücülərin sürücülük vəsiqəsi olmalı, avtomobili taksi kimi qeydiyyatdan keçməlidir. Şirkət özü də onların fəaliyyətlərinə nəzarət etməlidir”.

Ərşad Hüseynov bildirib ki, müştəri xidmətin səviyyəsindən şirkətə şikayət edirsə, vaxtında ona reaksiya vermək və problemi aradan qaldırmaq lazımdır: “Sürücü subyektiv səbəbdən məsuliyyətsizlik edibsə, münasibətlərə yenidən baxmaq lazımdır. Çünki baş verən neqativ hal şirkətin biznes nüfuzuna təsir göstərir”.

İnternetlə xidmət göstərən və müştərilərin narazılığı ilə qarşılanan “Taxify” şirkətindən bildirilib ki, rəqabətin güclü olduğu bir dövrdə keyfiyyət və xidmət səviyyəsini qoruyub saxlamaq olduqca çətindir: “Lakin “Taxify” olaraq xidmətimizi təkmilləşdirməyə doğru addımlar atırıq. Sürücülərimizin həm “Taxify”, həm də alternativ naviqatorlardan istifadə etmək imkanı var. Lakin bəzi amillər sürücülərin ünvana vaxtında çatmasına maneə törədə bilir.

Bunlara müştərinin olduğu nöqtəni düzgün qeyd etməməsi (binaların həyəti, yolun əks-istiqaməti və ya gedəcəyi ünvanı olduğu ünvan kimi qeyd etmək), naviqatorun təqdim etdiyi yolun istifadəsinin məhdudlaşdırılması (qazıntı, bərpa və təmir işləri ilə əlaqədar), pik saatlar zamanı nəqliyyat sıxlığının olmasını misal göstərmək olar”.

Şirkətdən bildirilib ki, hazırda “Taxify” avtomobillərinin sifariş ünvanına çatma vaxtı orta hesabla 3-4 dəqiqə nəzərdə tutulub: “Yuxarıda sadalanan faktorlara əsasən bu, olduqca yaxşı göstəricidir. Sürücülərin təqdim etdiyi xidmət səviyyəsinə isə biz yalnız müştərilərin qiymətləndirmə və müraciətlərinə (gediş, gedişhaqqı, sürücü və sair problemlərlə əlaqədar müştərilər bizə dəstək bölməsində müraciət edə bilir) əsasən nəzarət etmək mümkündür. Bizim xidmətdə müştərinin sifarişdən sonra hər sürücüyə qiymət vermək funksiyası mövcuddur. Qiymətləndirmələrə hər gün nəzarət edilir və sürücülər haqqında müvafiq tədbirlər görülür.

Qeyd etmək istərdik ki, şirkət həftəlik olaraq sürücülərə təlim və məlumat xarakterli mesajlar göndərir, lazım gəldikdə ofisə dəvət edir, xüsusi mütəxəssislər tərəfindən təlim keçir”.

Qeyd edək ki, bir neçə gündür mütəmadi olaraq, insanlar taksi şirkətlərindən şikayət edir. Müştərilər bildirilər ki, sürücülər ünvana ya vaxtında gəlmir, ya da bir müddət sonra ümumiyyətlə gələ bilməyəcəklərini, yaxud yolu tanımadıqlarını deyirlər.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər