1 İyun 2018 13:25
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaqların müdafiəsi günü yalnız onların qorunması ilə məhdudlaşa bilməz. Uşaqların həm də özlərini müdafiə vərdişinə alışdırmağa diqqət yetirilməlidir. İlk növbədə fiziki baxımdan hər bir uşağın elementar özünüqoruma vərdişlərini qazanması önəm daşıyır.

Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.

Millət vəkili qeyd edib ki, özünümüdafiə üçün yalnız oğlanlarımızı deyil, qızlarımızı da idmanın əlbəyaxa növlərinin birində hazırlıqlı səviyyəyə gətirmək hər bir valideyn üçün zəruri addım sayılmalıdı:

“Digər hər hansı bir idman növündə də sağlamlıq imkanlarını artırmaq işin ancaq faydasına olardı. Ardınca isə iki vacib komponent gəlir: bilgi və əxlaq. Bilgisiz uşaq bəri başdan həyat şərtləri qarşısında müdafiəsiz, immunitetsiz uşaqdır. Özünümüdafiənin təməlində bilgi sahibi olmaq ciddi yer tutur. Qarşısına çıxan problemləri çözmək üçün ağlın imkanlarını istifadə etmək qabiliyyəti məhz uşaq vaxtından aşılanmalıdır.

Bunun üçün də Azərbaycan uşaqlarına orta məktəb illərindən məcara, fantastika və hətta bəzən avantüra içərikli ədəbiyyatı mütailə, eləcə də əmək vərdişləri, bəsit texniki konstruksiyalara həvəs yaradılmalıdır. Bilgi qazanma prosesi ilə paralel şəkildə uşaqlara davranış əxlaqı, zəruri ədəb qaydaları məqsədyönlü şəkildə izah olunmalıdır. Bu, həm cəmiyyətdə xeyirli, faydalı insanların gələcəkdə çoxluğunun təminatı üçün vacibdir, həm də valideynin gələcəkdə öz rahatlığı, xeyirli övladdan həzz alması üçün faydalıdır”.

Fazil Mustafa qeyd edib ki, dünyada ac-yalavac, valideyn himayəsindən məhrum, təhsil almaq imkanı olmayan milyonlarla uşaqlar da diqqətdə saxlanılmalıdır:

“Onlar üçün bəsit bir yaşam standartları əlçatan deyil, o ki qalsın fiziki sağlamlıq, bilgi və əxlaq barədə düşünülsün. Doğrudur, onların da problemləri bütün bəşəriyyət tərəfindən çözülməlidir, yardım edilməli, dəstəklənməlidirlər. Xüsusilə də əlilliyi olan, autizm kimi xəstəliklərdən əziyyət çəkən uşaqlara ciddi reabilitasiya imkanları yaradılmalıdır. Burada biz uşaqların gələcək üçün hazırlanmasının ümumiləşdirilmiş modeli üzərində düşüncələrimizi paylaşmağa çalışırıq.

O fikri təlqin etmək istəyirik ki, fiziki, bioloji anlamda böyüklər uşaqları heç olmazsa zorakılıqdan, şiddətdən mexaniki vərdişlə qorusunlar, mənəvi anlamda böyüklər isə fiziki sağlamlıq, bilgi və əxlaq kimi komponentlərin uşaqların yaşamına daxil olmasına yardım etsinlər, onları özlərini qoruyacaq qədər hazırlıqlı olmağa yönləndirsinlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər