Dünyanın ən böyük sosial şəbəkəsi olan Feysbuk 4 il sonra günəş batareyası ilə işləyən, yüksək hündürlükdə uzunmüddətli uçuşlar həyata keçirən və internet siqnalını ötürən “Aquila” pilotsuz təyyarəsinin yaradılmasını nəzərdə tutan layihədən imtinaya dair qərar verib.
Teleqraf.com “İKTnyus”a istinadən xəbər verir ki, Feysbuk aerokosmik sahənin aparıcı şirkətlərinin alternativ layihələrə sərmayə yatırdığını gördükdən sonra şəxsi pilotsuz təyyarələri hazırlamaqdan imtina etdiyini açıqlayıb.
Şirkət belə texnologiyaların inkişaf etdirilməsindən ötrü “Airbus” kimi tərəfdaşları ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.
Feysbukun məlumatına görə, hazırda təxminən 4 milyard insanın internetə çıxışı yoxdur, çünki onlar genişzolaqlı mobil internet rabitənin əlçatmaz olduğu ucqar regionlarda yaşayırlar.
Xatırladaq ki, “Aquila” layihəsi üzərində işlərə 2014-cü ildə başlanılıb. O vaxt şirkətin nümayəndəsi bildirmişdi ki, günəş batareyası ilə işləyən “Aquila” pilotsuz təyyarəsi təxminən 3 ay müddətində havada qala bilər və 18-dən 27 km-dək hündürlükdən internetə çıxışı təmin edə bilər.