Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus “Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası kontekstində səhiyyə islahatları” mövzusunda Milli Konfransda iştirak etmək üçün Bakıya səfər edib.
Teleqraf.com xəbər verir ki, bu, Tedrosun ÜST-nin baş direktoru qismində ölkəyə ilk rəsmi səfəridir.
İyulun 5-də başlayacaq konfransda DİM-lərə milli səviyyədə nailolma və ölkənin DİM-lər üzrə qlobal hədəf və göstəriciləri öz milli proioritetləri və inkişaf gündəliyi ilə əlaqələndirilməsi yolları müzakirə ediləcək.
Tədbirdə, həmçinin, DİM-lərin icrası prosesində artıq milli səhiyyə sektorunda əldə olunmuş bir sıra nailiyyətlərə diqqət yetiriləcək.
Bu tədbir 2018-ci ilin oktyabr ayında Bakı şəhərində keçirilməsi planlaşdırılan DİM-lər üzrə Yüksək Səviyyəli Konfransa hazırlıq xarakteri daşıyır. Həmin konfransda “DİM-lərin milli səviyyədə inteqrasiyası və onların sürətləndirilməsinə dair Bakı Prinsipləri”nin qəbul ediləcəyi gözlənilir. Sənədin layihəsi hazırda Azərbaycan hökuməti və tərəfdaş BMT qurumları ilə müzakirə edilməkdədir.
Səfər müddətində baş direktor Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış müalicə müəssisəsinin nəzdində Vərəm üzrə Təlim Mərkəzinə baş çəkəcək. Bu mərkəz dünyada həbsxanalarda vərəmə nəzarət sahəsində “ÜST ilə Əməkdaşlıq Mərkəzi” statusuna malik yeganə mərkəzdir. Mərkəzin uğurlu fəaliyyəti ölkənin heç kəsi kənarda qoymamaqla hər kəsin səhiyyə xidmətlərinə çıxışının təmin olunması prinsipinə və onun hər kəsə, o cümlədən, məhbuslar kimi həssas qruplara şamil olunmasına sadiqliyinə dəlalət edir.
Tedros, həmçinin, Azərbaycanın Milli Onkologiya Mərkəzinə baş çəkərək əsas problemləri və nailiyyətləri müzakirə etmək üçün həm səhiyyə işçiləri, həm də xəstələrlə görüşəcək. ÜST uşaqlıq boynu xərçənginin skrininqini təşviq edir və ölkənin öz milli skrininq və İnsanın Papilloma Virusuna qarşı vaksinasiya proqramlarını hazırlamasına dəstək göstərməyə hazırdır. 2019-cu ilin əvvəllərində ÜST-nin bu məsələlərlə bağlı ekspert missiyasının həyata keçirilməsi müzakrə ediləcək.
Səfər çərçivəsində, həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə və Azərbaycanın digər yüksək vəzifəli rəsmi şəxsləri, o cümlədən Azərbaycan Respublikasının baş nazirinin müavini və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovla, səhiyyə naziri Oqtay Şirəliyevlə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçiriləcək.
Səfər zamanı, Fəxri Xiyaban və Şəhidlər Xiyabanı da ziyarət olunacaq.