Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhərinin Nəsimi və Səbail rayonlarının işəgötürənləri üçün “Açıq qapı” günü-vətəndaş forumu keçirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə hər iki rayonun işəgötürənlərinə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən (EİS) istifadə qaydaları barədə ətraflı məlumatlar verilib.
Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəxəssisləri işəgötürənlərin diqqətinə çatdırıblar ki, əmək müqaviləsi bildirişi üzrə EİS-in tətbiq olunması ölkəmizin əmək bazarına, əmək hüquqlarının təminatına daha çevik və obyektiv, müasir tələblər səviyyəsində dövlət nəzarəti mexanizminin qurulmasına xidmət edir. Bu islahat tədbiri həmçinin qeyri-leqal əməyin qarşısının alınmasına, nəticə etibarilə sosial sığorta və vergi daxilolmalarının artmasına, bununla da işləyən hər bir şəxsin gələcək sosial təminat hüququnun müdafiəsinə və layiqli pensiya təminatına yönəlib.
Qeyd olunub ki, respublikada bağlanan hər bir əmək müqaviləsi, habelə əmək müqaviləsinə dəyişiklik edilməsi və ya əmək müqaviləsinə xitam verilməsi bu barədə bildirişlər EİS-də qeydiyyatdan keçirildikdən sonra hüquqi qüvvəyə minir. Ona görə də işəgötürənlərdən gücləndirilmiş elektron imza vasitəsilə qeyd olunan bildirişləri “Elektron hökümət” portalı (https://www.e-gov.az) üzərindən EİS-ə daxil etmək və qeydiyyatdan keçirmək tələb olunur. Bu, Azərbaycan Əmək Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişiklikliyə əsasən, işəgötürənlərin vəzifələrindən biridir. EİS-dən istifadə prosesində işəgötürənlərə metodiki köməklik göstərilməsi üçün ƏƏSMN tərəfindən ölkənin bütün bölgələrində “Yardımçı masaları” yaradılaraq, KİV-də onların ünvan və əlaqə nömrələri açıqlanıb. Bununla yanaşı, sistemdən istifadəyə dair metodiki göstərişlər və müvafiq yardımçı materiallarla ƏƏSMN-nin rəsmi internet saytında (www.mlspp.gov.az) tanış olmaq, habelə istənilən iş günü ərzində ƏƏSMN-nin “142 Çağrı mərkəzi”nə müraciət etməklə məlumat əldə etmək olar.
Tədbirdə əmək müqaviləsi bildirişinin EİS-ə daxil edilməsi proseduru əyani şəkildə nümayiş etdirilərək, bildirişlərin bir iş günü ərzində qeydiyyatdan keçirilməsinin təmin olunduğu vurğulanıb. İşəgötürənlərin ayrı-ayrı sualları cavablandırılaraq, əmək müqaviləsi bildirişlərinin EİS-də qeydiyyatdan keçirilməməsi halları ilə bağlı qanunvericilikdə nəzərdə tutulan cəza tədbirləri də işəgötürənlərin diqqətinə çatdırılıb.
Naibə