Son günlər xaricdəki bəzi qüvvələrin Azərbaycanda etnik qarşıdurma yaratmağa yönəlik addımlarına cənub zonasının tanınmış simalarından olan Yadigar Sadıqov cavab verib.
Teleqraf.com xəbər verir ki, Yadigar Sadıqov bir neçə gündür sosial şəbəkələrdə “Subtropik əməliyyatı” ətrafında gedən müzakirələrə maraqlı faktlarla aydınlıq gətirib.
Onun sözlərinə görə, “Subtropik əməliyyatı” əsasən iki istiqamətdə talış zonasında quldurluqla məşğul olan və sovet dövründə idarə-müəssislərə rəhbərlik etməklə külli miqdarda sərvət toplamış insanlara qarşı aparılıb. : “Birinci istiqamətdə əsas hadisə Astaranın Şahağacı kəndində Gülağa Baxşəli oğlu Quliyevin ailəsi ilə birlikdə öldürülməsi olub. Bu hadisənin səbəbi ilə bağlı müxtəlif versiyalar var. Bəziləri Gülağanın vaxtilə Elçibəylə eyni həbsxanada cəza çəkməsi və aralarında yaşanan insidentlə bağlayırlar. İnandırıcı olmayan bu əhvalatı real saysaq belə, o zaman söhbətin şəxsi düşmənçilikdən getdiyini qəbul etməliyik. Belə olduqda, milli məsələnin, talışların məsələyə nə dəxli?
Gülağa Quliyevlə qohumluq əlaqəsi olan və eyni kənd sakini Elçin İbrahimli isə hadisəni başqa cür əsaslandırır. Gülağanın Sovet adlı qardaşı Lənkəran sakini Rafiq Canıyevin, sonralar “qanuni oğru” adını alacaq Rövşən Lənkəranskinin atasının qətlində şübhəli bilinirdi və Rusiyaya qaçmışdı. Məhkəmə də onu günahkar saydı. Gülağa Rafiq Canıyevin qohumlarından qisas təhdidi almışdı. Buna görə də kənddə maskalı adamların peyda olmasını eşidən kimi iranlı qonağı ilə birlikdə atəş açmağa başlayır. Halbuki gələnlər xüsusi təyinatlı polislər idilər və məqsədləri quldurluqla məşğul olan, hətta həcc mərasimindən gələnləri soyan kənd sakinlərinin ələ keçirilməsi idi. Bu siyahıda Gülağanın adı olmayıb, ona qarşı dövlət tərəfindən də heç bir irad yox imiş. Lakin Gülağanı inandırmaq və təslimə sövq etmək cəhdləri uğursuz olur. Elçin İbrahimli bunu Gülağa Quliyevin xeyli spirtli içki içməsi və üstündən də nəşə çəkməsi ilə izah edir. Hər nədənsə, Gülağa atəş açmaqda davam edir.
Hökumət qüvvələri tərəfindən isə qumbaraatanla verilən cavab nəticəsində özü, iranlı qonağı, həyat yoldaşı və 12 yaşlı oğlu həlak olurlar. Hərçənd ki, deyilənə görə, polis qadın və uşağın evdən çıxarılmasını təklif edib və Gülağa razılaşmayıb, bu baş verən hadisəyə bəraət qazandırmır. Polis günahsız insanların ölümündən yayınmaq üçün əlindən gələni etməli idi. Ya onlar evdən çıxarılana qədər gözləməli idi, ya atəş açanları snayperlə vurmalı idi, ya da başqa üsul tapmalı idi. Seçilən metoda haqq qazandırmaq heç cür mümkün deyil. Bu cinayətkar metoddur. Lakin milli məsələyə aid heç nə yoxdur. Aparılan əməliyyat zamanı Şahağacı kəndindən 20-yə qədər adam tutulub. Lakin atəş açmadıqlarından, müqavimət göstərmədiklərindən heç birinin burnu qanamayıb. Onlar da talış olublar”.
Zəngin adamlara qarşı əməliyyata gəlincə, Yadigar Sadıqov xatırladıb ki, söhbət biznesmenlərdən, sahibkarlardan getmirdi. Onun sözlərinə görə, bu adamlar idarə-müəssisə rəhbəri olarkən qanunsuz şəkildə varlanmışdılar: “İkinci sort çayı əla növ kimi bizə sırımışdılar, defisitdən istifadə edib məhsulu dövlət qiymətindən baha satmışdılar, hansısa məhsul hazırlanarkən tərkibində olmalı şeyləri az qatmışdılar, tikinti materiallarını, yanacaq məhsullarını kənara “əritmişdilər” və s. Hədəf bu insanlar olub. Yaxın ətrafından, qohumlarından və qulbeçəlik edənlərindən savayı kimsə onlardan xeyir görməyib, nə talışı, nə türkü. O zaman Lənkəranda deyildiyinə görə, uzun müddət müəssisə rəhbəri işləmiş birinin həyətindəki it yuvasının altından 27 kq qızıl tapılmışdı. Oxşar əməliyyatlar Azərbaycanın varlı sayılan bir çox rayonlarında həyata keçirilib. İsgəndər Həmidovdan soruşanda bir neçə rayonun adını çəkmişdi. Bakıda, Sumqayıtda da keçirilib.
Kimisinə xəbər yollamaq kifayət edib, kimisindən tutub zorla müsadirə ediblər. Bunun sırf talış olan zənginlərə qarşı, az qala “Talış milli burjuaziyasına qarşı” olduğu iddiası açıq-aşkar uydurmadır. Müsadirələr məhkəmə hökmü olmadan keçirilib, sırf hüquqi baxımdan qanunsuz olublar. Lakin xatırladaq ki, yeni hökumət yaranmışdı, büdcədə siçanlar oynayırdı, müharibə isə pul tələb edirdi. Cəbhə xəttində çiyin-çiyinə vuruşan türkə, talışa, ləzgiyə, rusa, yəhudiyə silah lazım idi, sursat, yeyəcək, içəcək, geyəcək lazım idi. Bu fakt məhkəmə hökmü olmadan müsadirələrə bəraət verirmi? Açığı hər hansı cavab verməkdə çətinlik çəkirəm”.
Yadigar Sadıqov bildirib ki, müsadirələrin ölkənin müxtəlif yerlərində həyata keçirilib və etnik məsələ burada rol oynamayıb: “Elçibəy hökumətini müdafiə etmək fikrim yoxdur. Lakin məsələ milli şəkil alır, bu artıq hökumət məsələsi deyil, Vətən məsələsidir. Gəlin, məsuliyyətli olaq, hər şeyi öz adı ilə çağıraq, uydurmayaq, başqa oyunlarda alət olmayaq”.