Teleqraf.com Azərbaycan Millətçi Demokrat Partiyasının sabiq sədri Qələndər Muxtarlı ilə müsahibəni təqdim edir:
- Qələndər bəy, ABŞ-İran münasibətlərinin ən gərgin dövründə İranda səfərdə olmusunuz. Əsasən, hansı şəhərlərdə oldunuz?
- Mən ora ailəmlə birlikdə getmişdim. Səfər ictimai və ya siyasi xarakterli deyildi. Bizi ora qohumluq əlaqəsi səbəbindən qonaq dəvət olunmuşduq. İki gün İran Astarasında qaldıq, sonra Savalan dağının ətəyində Sərin (farslar Səreyn deyir) şəhərində olduq. Bura turizm rayonudur. Daha sonra 10 gün Təbrizdə olduq.
Sözsüz ki, Təbriz hər zaman Azərbaycanın siyasi və mənəvi mərkəzlərindən biri olub. Təbrizdə Azərbaycan tarixinin ən mühüm anları ilə bağlı tarixi abidələr var. Ağqoyunlular, Qaraqoyunlular, Səlcuqlar, Eyyubilər dönəminə qədər tarixi abidələr var. Mən Təbrizdə Ərk qalasında, Qacarların ev muzeyində, şəhərin cümə məscidində, Şəhriyarın ev muzeyində oldum. Eləcə də Azərbaycan xalqının ədəbi və ictimai tarixində böyük rol oynayan şəxsiyyətlərin dəfn edildiyi məzarlığı ziyarət etdim. Yeri gəlmişkən, Təbrizdə yeni tapılan və V-VII minilliyi əhatə edən, dünya arxeologiya elmində yenilik olan qəbir abidləri kompleksi aşkarlanıb. Bu məkana da baş çəkdik. Bir tarixçi kimi tarixi abidələr mənim üçün çox maraqlıdır.
Həmçinin səfər zamanı ədəbi-bədii toplantılarda, məclislərdə iştirak etdim. Məni təsirləndirən kifayət qədər ciddi aspektlər vardı. Məsələn, Məşrutə inqilabının başladığı bazardan tutmuş xiyabanlara qədər yerləri gördük. Yeri gəlmişkən, Səttarxanın, Bağırxanın fotolarının ora vurulması mənim üçün yenilik oldu.
Təbriz özü təmiz şəhərdir, burada əxlaqi dəyərlərin, mədəni səviyyənin yüksək olması diqqətimi cəlb etdi. Təbrizdə dilənçilik faktiki yoxdur. Problemləri xüsusi fondlar vasitəsilə həll edirlər. Məsələn, böyrək çatışmazlığı, ürək xəstələri üçün Təbrizdə fondlar yaradılıb. Bunu dövlət etmir, orta, ziyalı təbəqə yaradıb. Yəni təmiz və halal olaraq xalqdan sərvət qazanan insanlar bu pulun müəyyən hissəsini millətin özünə xərcləmək üçün ayırır, fondlar qurur.
- Səfər zamanı ABŞ-İran münasibətindən doğan gərginliyi cəmiyyətdə hiss edirdinizmi?
- Haqlı dediniz ki, mənim səfərim ABŞ-İran münasibətlərinin gərgin dövründə oldu. Gərginliyin müəyyən elementləri özünü göstərirdi. Camaatın narazılığı var. İranın blokadada olması, bunun iqtisadiyyata, ölkənin ictimai-sosial həyatına təsiri görünəndir. İranın özünün siyasi və dini teokratik quruluşundan irəli gələn müəyyən problemlər var ki, bu gərginliyi fərqli müstəviyə keçirir. Ancaq İranda siyasi rejim mövcudluğu səbəbindən bu məsələlərin ciddi analizi aparılmır. Yəni siyasi müstəvi çox məhduddur.
Mən ərəb dili keçmişəm, əksi əlifbanı bilirəm. Azərbaycan dilində mətbuat, televiziya yoxdur. Olmadığı üçün təhlillərə, fərqli mövqelərə rast gəlinmir. İranda bu cür müzakirələr xaricdən fars dilində yayımlanan verilişlərdə olur.
Bununla belə İran cəmiyyəti ayıq cəmiyyətdir, xüsusilə Təbriz cəmiyyəti bu məsələlərə həssas yanaşan toplumdur. Bu gərginliyin elementlərini, bəzi məqamlarını görə bildim.
- İnsanlar ABŞ-İran münasibətləri haqqında nə düşünür?
- Gəldiyim qənaət budur ki, insanlar hər şeydən əvvəl onların dərdinə çarə olacaq, vəziyyətini dəyişəcək mühüm məqamı demokratiyada görür. İran cəmiyyətinə ən çox lazım olanı budur. Mən bunu söhbətlərdə, müşahidələrdə hiss etdim. Demokratiya elə zəruri hadisədir ki, başqa problemlərin də açarını tapacaq. İnsanlarda belə düşüncə var. ABŞ-a münasibətdə isə düşüncə bir qədər fərqlidir. Məsələn, orada “Amerika bunu edir” anlamı yoxdur, “yəhudilər bunu edir” düşüncəsi var. Əslində bu məsələdə fikirlər iki hissəyə bölünüb. Cəmiyyətin əhval ruhiyyəsindən, ruzisindən, ruzinin azlığından, adi işığın olmamasından, quruluqdan narahatlığın mənbəyi kimi İran hökuməti qınaq obyektidir. Bundan narazı olanlar ola bilsin ki, ABŞ-a loyal yanaşırlar. Ancaq əks tərəf də var və onlar sabitliyin, sakitliyin olmasında maraqlıdır. Bu, bütün cəmiyyətlərin həyatında var. ABŞ-ın atdığı addımları əslində orada yəhudilərin addımı kimi qiymətləndirilir.
- Yəni cəmiyyətin daxilində fərdlər İran ətrafında cərəyan edən proseslərin müzakirəsini aparır ?
- Bəli, insanlar öz aralarında belə müzakirələr aparır. Mənim özümə də bununla bağlı suallar verirdilər, rəyimi də maraqla qarşladılar. Ən çox İranı, Təbriz əhalisini düşündürən məsələlər siyasi məsələlərdir. Əsasən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, İrana qarşı başlanan embarqolar, doğurdanmı ABŞ masasında İran məsələsi varmi, Türkiyə bu haqda nə düşünür və s kimi məsələlər müzakirə olunur.
- Faktiki olaraq İrana sanksiyalar tətbiq olunur, avqustda növbəti sanksiyalar işə düşəcək. İrana sanksiyaların nəticələrini necə təsir edir, bu təsirləri müşahidə edə bildinizmi?
- Bu sanksiyaların təsiri oxunu İran iqtisadiyyatında, ixracatda, milli valyutanın devalvasiyasında özünü göstərir.
Məsələn, biz İrana gedən günü 100 dollar 7820 riala dəyişilirdi. Bundan bir gün sonra 100 ABŞ dolları qara bazarda 8120 riala dəyişilirdi. Mən qayıdanda isə 100 dollar artıq 8370 riala dəyişdirilirdi. Yəni 200 İran rialı gün ərzində inflyasiya xəttini keçirdi. İranda fikir belə idi ki, qısa müddətə 100 dollar 1 milyon İran rialına çatacaq. Bu da İran əhalisinin əmlakının dəyərdən düşməsi deməkdir. İstehsal olunan malların ixracatı yoxdur deyə qiyməti ucuzdur. İran bazarında 20 manata olan başmaq Bakı bazarında 80-100 manat civarındadır. Bu şəkildə inflyasiya gedir. Əhalinin real gəlirləri isə buna uyğun deyil. Məsələn, insan zamanında 300 min dollara ev alıb. Ancaq indi həmin evin bazar qiyməti 100 min dollardan da aşağıdır. Bax bütün bunlar sosial narazılığa səbəb olur. Bu mənada gələcək daha çox İran cəmiyyətinin nə düşünəcəyi və hökumətin hansı addımlar atacağına bağlıdır. Amma inflyasiya çox sürətli gedir və mən düşünmürəm ki, bu planda dünyada İranlamüqayisə olunacaq ikinci bir dövlət var.
- Mağazalarda mal qıtlığı, piştaxtaların boş olması kimi hallar varmı?
- Təbriz bazarını demək olar ki, 3-4 gün gəzdim. Bazarın quruluşu unikaldır. Elə olur ki, axşam saat 17-də bazardan bir şey alırsan, satıcı deyir ki, ilk müştərim siz oldunuz. Baxın, ABŞ və Avropa Rusiyaya da, vaxtında SSRİ-yə də qarşı sanksiya tətbiq edirdi. Amma SSRİ qapalı dövlət olduğundan əksər mallar daxildə istehsal olunurdu. Ərzaqdan tutmuş silaha qədər. Yəni SSRİ özünü hər şeylə təmin edirdi. Amma İran belə bir dövlət deyil, xarici sərmayədarlara və mallara açılan bazarı var. Sanksiyalar da bu prosesi dayandırıb və çatışmamazlıqlar hiss edilir. İran bazarı demək olar ki, ölüdür. Təsəvvür edin ki, gün ərzində 4 dəfə elektrik enerjinin verilməsində problem olur. İşıq keçən kimi də bazarlarda mağazalar qapısını bağlayır. Məhsul çatışmamazlığı və insanların alıcılıq qabiliyyətinin aşağı olması sezilir.
- İnsanların yaşayışı necədir?
- Mən olduğum camiədə problemlər hiss etmədim. Çünki olduğum yerlər orta təbəqə kateqoriyasına daxil idi. Amma əhali çox kasıbdır. Məsələn, bizdə dilənçi görmək olur, amma Təbrizdə bu, yoxdur. Çünki millətimiz bir qədər qürurludur. Bu mənada kasıblığı duymaq olmur, amma əhali acdır. Söhbət edirsən, yol kənarında satıcı ilə danışırsan və belə qənaətə gəlirsən ki, adam sadəcə axşam evinə azuqə aparmaq haqqında düşünür. Bunun üçün çalışan adamlar var və bunu hiss etmək olar.
İnsanlarda narazılığa səbəb olan bir məqam da odur ki, yollarda foto vurulur, qeyd olunur ki, bu şəxs şəhiddir. İnsanlar da deyir ki, bu əsgərin Suriyada nə işi var ki, orada da şəhid olsun. Niyə bizim vəsaitimiz Suriyaya getməlidir və mən ac qalmalıyam? Narazılığa səbəb olan məqamlardan biri kimi bunu da hiss etdim.
- Yollardan keçərkən belə şəhidlərin fotosuna çoxmu rast gəlinir?
- Kütləvi halda olmasa da, rast gəlmək olur. Adi bir kəndin içindən keçərkən bəzən 5-6 belə fotoya rast gəlmək olur.
- Həmin şəhid fotolarının altında onların Suriyada həlak olması qeyd olunur?
- Yox, yazılmır. Bəzilərində ölüm tarixi yazılmır, bəzilərində yazılır. Ancaq bilinir ki, onun şəhid olduğu yer Suriya, Yəmən və ya İraqdır. İnsanlar bunu bilir. Sosial zəmində narazılığa səbəb olan bir amil də budur. Ümumən İranın bir necə münaqişədə iştirakı, buna pul xərcləməsi, İsfahan şəhər ermənilərinin Qarabağa böyük maliyyə dəstəyi göstərməsi, sanksiyalar nəticəsində iqtisadiyyatın pisləşməsi insanlarda narazılığa səbəb olur. Məsələn, insanlar deyirlər ki, pomidorun içi niyə ağdır? Hamısının geni dəyişdirilib. Bu da gələcəkdə insanların hansısa xəstəliklərə tutula bilməsi ehtimalını yüksəldir.
- İsfahan şəhər ermənilərinin Qarabağa yardımı haqqında danışdınız. Bu yeni hadisədir?
- Mən tarixən bilirəm ki, şah dövründə İran Culfasında olan erməniləri İsfahana köçürüblər. İran ermənilərinin ən ciddi mərkəzi İsfahandadır. Özümün müəyyən suallarım və müzakirə zamanı gəldiyim qənaət və faktlarla izah verildi ki, İsfahandan Qarabağadakı ermənilərə böyük yardımlar həyata keçirilib. Yəni Qarabağdakı ermənilərə dünya ermənilərinin yardımından daha çox dəstək İsfahandan gəlir. Üstəlik İran-Ermənistan arasında ticarət, birbaşa yollar, kommunikasiyalar, əksər şəhərlərə təyyarə reysi var. Məsələn, Bakıdan Tehrana 79 manata uçuş var, amma Təbrizə uçuş kifayət qədər bahadır. Ancaq İranın müxtəlif şəhərlərindən İrəvana uçuş daha ucuzdur. Bizimlə olan dini bağlılığımız, etnik yaxınlığımız, habelə İran səltənətinin idarə edilməsində azərbaycanlıların iştirakı kimi amillər heçə sayılır, amma erməniyə verilən dəstək daha çoxdur.
- İranda insanların qarşılaşdığı çətinliklər konteksində gələcəyə ümidi necədir?
- Çətinliklər və problemlərə baxmayaraq insanlar zəkalıdır, diridir. Böyük qlobal siyasət müstəvisində müzakirə aparacaq ağıla və dərrakəyə sahibdirlər. Baxmayaraq ki, Cənubi Azərbaycandan 6 milyona yaxın elmi potensialı olan insan kənardadır, amma əhali pessimist deyil, gələcəyə ümidlidir və böyük dəyişikliklərin astanasında olduğunun fərqindədir. Mən belə ovqat gördüm.