Xəzəryanı dövlətlərin liderləri bu həftənin bazar günü Qazaxıstanın Aktau şəhərində Xəzərin hüququ statusuna dair konvensiyanı imzalayacaq. Bu faktiki olaraq son 25 ildə aparılan danışıqlarda kompromisin əldə edilməsi deməkdir. Hesab edirəm ki, bu çox böyük hadisədir. Bununla da, Xəzəryanı dövlətlərin bir-birinə qarşı etirazları aradan qalxacaq.
Bu fikirləri avqustun 12-də Aktau şəhərində Xəzərin hüququ statusuna dair imzalanacaq konvensiya haqqında Teleqraf.com-a danışan hüquq elmləri professoru Rüstəm Məmmədov deyib.
Professor deyib ki, konvensiyanın imzalanması loru dildə Xəzər dənizinin konstitusiyasının qəbul olunması deməkdir:
“Faktiki olaraq Xəzərlə bağlı qanun qəbul edilir. Əslində Xəzərin suları indiyə qədər təmin olunmamış su obyekti idi. Konvensiyanın imzalanması ilə bu hüquqi baxımdan təmin olunan sular olacaq.
İkincisi, Xəzər dənizi ilə bağlı konvensiyalar çox köhnəlib. 1921 və 1940-cı il konvensiyaları var. Ancaq bunlar köhnə sənədlərdir və onları əldə əsas tutaraq fəaliyyət göstərmək bir qədər çətindir. İndisə yeni hüquqi sənəd ortaya qoyulub, Xəzəryani dövlətlər 25 ildir ki, bununla bağlı danışıqlar aparıb və bu bazar günü bütün tərəflər onu qəbul etməyə hazırlaşır. Düzü, mən bu konvensiyadan razı deyiləm, amma ümumilikdə bu sənəddən razıyam. Çünki konvensiyasız dəniz qanadsız quşa bənzəyir”.
Politoloq əlavə edib ki, konvensiyanın qəbulu ilə Xəzər dövlətləri arasında mövcud olan mübahisələr və anlaşılmazlıqlar tarix olacaq:
“Əslinə qalsa Xəzər dənizi ilə bağlı tarixdə ən böyük kompromis əldə edilib. Bir daha qeyd edirəm ki, 25 il aparılan danışıqlardan sonra Xəzər dövlətləri öz aralarında razılığa gəliblər. Bu adi məsələ deyil. Sizə deyim ki, çox ağır danışıqların nəticəsində razılaşma əldə edilib. Sadəcə, son dövrlər geosiyasi vəziyyət elə oldu ki, sahilyani dövlətlərin maraqlar üst-üstə düşdü. Ona görə də, Xəzəryanı dövlətlər bir-biri ilə dil tapa bildi”.
Rüstəm Məmmədov bir daha xatırladıb ki, konvensiyanın imzalanması ilə Xəzərdə qonşu olan dövlətlərin bir-birinə qarşı iddiası birdəfəlik aradan qalxacaq:
“Kompromis kimi məhəlli sular ideyası ortaya qoyulub. Məhəlli sular ideyası ondan irəli gəlir ki, Xəzər dənizi sektorlara deyil, məhəlli sulara bölünəcək. Bununla da hər bir sahilyani dövlət öz məhəlli sularını əldə edəcək. Beləcə ölkələrin bir-birinə olan etirazları tarix olacaq. Bu mənada konvensiyanın imzalanması böyük hadisədir”.
Xatırladaq ki, bu həftənin bazar günü Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin sammiti keçiriləcək. 25 illik danışıqlardan sonra Azərbaycan, Qazaxıstan, Rusiya, İran və Türkmənistan liderləri Xəzərin hüquqi statusuna dair konvensiyanı imzalayacaq.