Xəbər verdiyimiz kimi, Zen Film (Azərbaycan) və Alfeka (Türkiyə) şirkətininin birgə istehsalı olan “Adam” filminin istehsalı başa çatıb. Film 1981-ci ildə Xəzər dənizinin yüksəlməsi nəticəsində adaya çevrilən Kürdilidə illərdir ki, tək yaşayan rus mənşəli azərbaycanlı Vitali Pronin haqqındadır.
Quruluşçu rejissoru Emil Əli, prodyüserləri Qan Turalı (Zen Film) və Ali Araz (Alfeka), icraçı prodüsseri Fuad Cəfərov olan “Adam” filminin çəkilişlər Neftçala rayonunun Kürdili adasında, post-prodakşnı isə Türkiyədə həyata keçirilib.
Film barədə Teleqraf.com-a danışan Zen Filmin rəhbəri Qan Turalı filmin çəkilişlərinin iyun ayında baş tutduğunu qeyd edib: "Çəkiliş bir neçə gün davam etdi və çox əziyyətli oldu. Təsəvvür edin ki, adada elektrik yox idi. Hər gün qayıqla iyirmi kilometr gedirdik. Amma məncə, buna dəyərdi. Bu əziyyəti bizimlə bölüşdüyünə, böyük dəstəyinə görə Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinə çox minnətdarıq".
Qan Turalı filmin mahiyyəti haqqında da danışıb: "Filmin əsas ideyası təklikdir. Vitalinin kimsəsi yoxdur. Lakin filmə baxan hər bir kəs Vitalinin fonunda öz, şəxsi, fərdi tənhalığını düşünür. Vitali təkdir, amma hamı tənhadır, bu ekzistensional tənhalığı xatırladır. Ən yaxşısı, tamaşaçı qiymət versin. Premyerası payızda olacaq".