Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.
Bu barədə Teleqraf.com-a Azərbaycan Ağsaqqallar Şurasından məlumat verilib.
Şuranın sədri Fəttah Heydərov təbrikində həmvətənlərimizi dünya müsəlmanlarının ən əziz bayramlarından biri olan, əsrlər boyu insanları həmrəyliyə, halallığa və paklığa səsləyən müqəddəs Qurban bayramı münasibətilə təbrik edərək, xalqımızın və dövlətimizin tərəqqisi, əmin-amanlığı naminə edilən duaların, kəsilən qurbanların Allah dərgahında qəbul olunmasını diləyir.
Qeyd edilir ki, bu gün ulu öndər Heydər Əliyevin bizə miras qoyduğu tolerant Azərbaycanda Prezident İlham Əliyev tərəqqi, rifah, sülh və sabitlik yoluna sadiq qalaraq, dövlətçilik siyasətində müqəddəs mənəvi dəyərlərə daim yüksək qiymət verir, birlik və qardaşlıq dini olan İslam dininin ümumbəşəri mahiyyətinə böyük hörmətlə yanaşır. Bu səbəbdəndir ki, Azərbaycanda milli-mənəvi həmrəyliyin, saflıq və mərhəmətin təntənəsinə çevrilən Qurban bayramı hər il böyük sevinc və yüksək əhval-ruhiyyə ilə qeyd olunur. Ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, dövlətimizin, xalqımızın sosial-iqtisadi inkişafı və firavanlığı üçün dualar oxunur, şəhid Azərbaycan övladlarının xatirəsi ehtiramla yad edilir.
Bildirilir ki, siyasi, iqtisadi və maliyyə böhranının, hərbi və silahlı qarşıdurmaların davam etdiyi müasir dünyada bəzi xarici qüvvələrin, qərəzli təşkilatların durmadan antiazərbaycan kampaniyası aparmasına baxmayaraq, ölkəmiz öz inkişaf tempini saxlayır, xalqımız təhlükəsizlik şəraitində yaşayır, respublikamızda sabitlik və tərəqqi hökm sürür. Müasir Azərbaycanda mütərəqqi islami dəyərlər və adət-ənənələr uca tutulur, cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmət duyğularının təntənəsi hökm sürür.
“İnanıram ki, vətəndaşlarımız sülh, əmin-amanlıq və bərabərlik rəmzi olan Qurban bayramı günlərində olduğu kimi hər zaman mehribanlıq və qardaşlıq tellərinin möhkəmləndirilməsi yolunda daha böyük əzmkarlıq nümayiş etdirəcəklər”, - deyə təbrikdə vurğulanır.