Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün strategiya ölkədə xarici borcun tənzimlənməsi və idarə edilməsi baxımından ciddi baza formalaşdırır.
Teleqraf.com xəbər verir ki, bu fikirləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, strategiya borcların idarə edilməsi üçün hazırlanmış mühüm sənəddir.
Vüqar Bayramov bildirib ki, strategiyada 3 istiqamət üzrə hədəflər müəyyənləşdirilib: dayanıqlı və idarəolunan dövlət borcunun səviyyəsinin müəyyənləşdirilməsi; risklərin idarəedilməsi sisteminin təkmilləşdirilməsi; dövlət borcalmaları üzrə infrastrukturun və nəzarət mexanizminin gücləndirilməsinə nail olunması.
Ekspertin fikrincə, indiki dövrdə və xarici şokların hər zaman aktiv olduğu vaxtda dövlət borcu səviyyəsinin dayanıqlı və idarəedilən səviyyədə olması çox vacibdir:
“Strategiyaya uyğun olaraq Azərbaycanda xarici borc səviyyəsinin tənzimlənməsi və 2025-ci ilədək xarici borc səviyyəsinin məhz tənzimlənən həddə qədər azaldılması nəzərdə tutulur. Həmçinin ümumi dövlət borcunun, həm də xarici borcun səviyyəsi proqnozlaşdırılır. 2025-ci ildə Azərbaycanda xarici dövlət borcunun məbləğinin 2018-ci illə müqayisədə 9,7 milyard dollardan 6,5 milyard dollaradək azalması nəzərdə tutulur. Bu, ÜDM-də borc səviyyəsinin 22,5 faizdən 12 faizədək azalması deməkdir. Bu isə ondan xəbər verir ki, xarici borcun ÜDM-də səviyyəsi 2025-ci ildə indiki səviyyə ilə müqayisədə faiz nisbətində 2 dəfəyə yaxın azalacaq. Bu da dayanıqlı xarici borca nail olunması baxımından əhəmiyyətlidir.
Eyni zamanda, xarici dövlət borcunun xidmət xərclərinin azaldılması əsas hədəflərdən biridir. Nəzərə alsaq ki, bu il xarici dövlət borcunun xidmət xərclərinin məbləği 1 milyard 241,7 milyon dollar təşkil edirsə, 2025-ci ildə bu məbləğin 820,3 milyon dollaradək azalması proqnozlaşdırılır. Eləcə də, bunun büdcə xərclərində payı 10,1 faizdən 6,2 faizə qədər azalacaq”.
Vüqar Bayramov qeyd edib ki, strategiyanın qəbul edilməsi və icrası Azərbaycanın növbəti illərdə xarici borcun tənzimlənməsi və idarəolunan səviyyədə qorunub saxlanmasına nail olmağa imkan verəcək: “Bu da təbii ki, dayanıqlı inkişafın qorunub saxlanması baxımından vacibdir”.