Bu günlərdə daha bir jurnalist həmkarımızın yubiley yaşına çatmasından sevinirik. Əlbəttə, bu sevinc hissi bizləri düşündürür. Həqiqətənmi ayların, illərin hardan gəlib-keçdiyinin fərqinə varmırıq? Sən demə Rauf Ağayev də 60 yaşında olarmış.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib.
O buna inanmağın çətin olduğunu qeyd edib:
“Ona görə yox ki, arzularımızdakı 100 yaşlıq insan ömrünün yarıdan çoxunu təşkil edən 60-ı kamilliyə aparan yol bilib Raufu bu mərhələdə görmürük. Rauf kamilliyini daha erkən yaşlarında qazanıb. Məsələ 60-ın özündədir. Məsələ həm də Raufun özündədir. Onu hər zaman gənc görmüşük və görürük. Gənclik isə dinamikadır, yenilikçilikdir, axtarışlardır.
Yubilyar məhz bu keyfiyyətlərin daşıyıcısı kimi tükənməz enerjisini ilklərə sərf edən dəyərli həmkarımızdır. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olan (Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsini də bitirib) Rauf Ağayev jurnalist fəaliyyətinə məşhur “Bakı”-“Baku” qəzetlərində başlayıb.
Çoxları bunu bilmir, Rauf Azərbaycanda ilk müstəqil jurnalist təşkilatının – Azərbaycan Gənc Publisistlər Cəmiyyətinin yaradıcısı və sədri olub. Təsəvvür edin, 1991-ci il və belə bir cəmiyyət. O cəmiyyət ki, həmin vaxtadək gedilməyən yolu getdi, daim yeni ideyalarla nəfəs aldı, yaşadı. Məsələn, cəmiyyətin nəzdində müxbirləri və baş redaktoru istedadlı orta məktəb şagirdlərindən seçilmiş “Təmas” qəzeti redaksiyası təşkil edildi.
Üzvləri tələbə-jurnalistlərdən ibarət olan “Freelancer journalists” (azad jurnalistlər) qurumu yaradıldı. Cəmiyyət həmçinin BDU-nun jurnalistika fakültəsinin fəal tələbələri üçün jurnalist Milli Qəhrəmanımız Alı Mustafayev adına təqaüd təsis etdi, Moskvada nəşr olunan “Панорама Азербайджана” qəzetinə maddi yardımlar göstərdi.
1994-cü ildə Rauf üç dildə fəaliyyət göstərərək pulsuz qəzet adı ilə tanınan, ev, müəssisə və idarələrə ödənişsiz paylanan “Reklam. Elan. Xəbər” qəzetini buraxdı. Bütün bunlar onu deməyə əsas verir ki, həmkarımız istedadını və bacarığını, mahiyyətinə xas olan novatorluğunu əməli fəaliyyət müstəvisinə məharətlə daşımağı bacarıb. Raufun sonrakı illərdə istər “Xalq qəzeti”ndəki, istərsə də müxtəlif qurumlarında mətbuat xidmətinin rəhbəri kimi fəaliyyəti də məhz bu baxımdan yadda qalıb”.
Ə.Amaşov R.Ağayevi 60 illik yubileyi münasibəti ilə şəxsən öz adından, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri adından ürəkdən təbrik edib.