1 Sentyabr 2018 17:14
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

AZƏRTAC 2016-cı ildən 35 ölkədən 44 agentliyin daxil olduğu Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) rəhbərlik edir. Dünya üzrə informasiya axınının 1/3-i təşkilata üzv olan agentliklərin payına düşür. AZƏRTAC-ın sədrliyi dövründə nüfuzlu xəbər agentliklərini ətrafında birləşdirən təşkilatın fəaliyyətinin genişləndirilməsi istiqamətində addımlar atılıb, bu məqsədlə bir sıra yeniliklər edilib.

Bu barədə OANA-nın prezidenti, Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Aslan Aslanov İranın İRNA informasiya agentliyinə müsahibəsində məlumat verib. Müsahibədə OANA-nın İcraiyyə Komitəsinin sentyabrın 3-4-də Tehranda AZƏRTAC-ın sədrliyi ilə keçiriləcək 43-cü iclasında müzakirəyə çıxarılması nəzərdə tutulan məsələlərə toxunulub.

OANA-nın prezidenti qeyd edib ki, feyk xəbərlər probleminin aktuallaşdığı bir dövrdə etibarlı informasiya mənbələrinə ehtiyac xüsusilə artır. Buna görə də sədr kimi AZƏRTAC-ın məqsədi bu təşkilatın sıralarında birləşən xəbər agentliklərinin dəqiq və qərəzsiz informasiyalarını daha böyük auditoriyaya çatdırmaq, qurumun fəaliyyət dairəsini genişləndirməkdir. Bununla bağlı, ilk növbədə, OANA-nın veb-saytının təkmilləşdirilməsi istiqamətində bir sıra işlər görülüb, burada üzv agentliklərin xəbərlərinin həcminin artırılması ilə əlaqədar tədbirlər həyata keçirilib.

Müsahibədə qeyd olunur ki, Tehran iclasında AZƏRTAC-ın təşəbbüsü ilə təşkilatın idarəçiliyinin daha da gücləndirilməsi üçün təkliflər müzakirəyə çıxarılacaq. Buraya qurumun daimi baş katiblik ofisinin, Təlim Akademiyasının yaradılması, üzv agentliklərin əməkdaşları üçün treninqlərin və seminarların təşkili kimi məsələlər daxildir. “Müasir internet əsri bizdən davamlı təcrübə mübadiləsi aparmağı, yeni çağırışlara hazır olmağı tələb edir. Odur ki, OANA-nın fəaliyyətini daha da müasirləşdirmək, dövrün tələbinə uyğunlaşdırmaq qarşımızda əsas hədəf kimi dayanır. Bu və digər məsələlər Tehranda üzv agentliklərin iştirakı ilə geniş müzakirə olunacaq”, - deyə OANA-nın prezidenti bildirib.

Qeyd edək ki, OANA İcraiyyə Komitəsinin Tehranda keçiriləcək iclasında Rusiyanın TASS, Türkiyənin Anadolu, Çinin Sinxua, Yaponiyanın Kyodo, Cənubi Koreyanın Yonhap və digər üzv agentliklərin rəhbərləri və nümayəndələri iştirak edəcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər