Bütün dünyada olduğu kimi hər il hicri-qəməri təqvimi ilə məhərrəm ayında Azərbaycan müsəlmanları da sevgili peyğəmbərimizin sevimli nəvəsi həzrəti Hüseynin matəm günlərini xüsusi olaraq qeyd edirlər. Bu, artıq bir dəyər olaraq Azərbaycan xalqının milli kimliyinə də sirayət edib. Ancaq çox təəssüf, bir qrup insan var ki, onlar məhərrəm ayı gəldikdə bu duyğulardan sui-istifadə etməyə cəhd edirlər.
Bunu Teleqraf.com-a açıqlamasında Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Camal Əzimbəyli deyib.
Onun sözlərinə görə, heç şübhəsiz, islamın gətirdiyi qaydalara bələd olan, dinin prinsiplərini bilən və “Qurani-Kərim”i mütaliə edən hər kəs islamda insan həyatına qəsd etməyin haram və batil əməl olduğunu bilir:
“Məhərrəm ayında əzadarlığın keçirilməsi Azərbaycan xalqının və dövlətinin dini dəyərlərə hörmətinin, ehtiramının bir əlamətidir. Amma biriləri kənardan aldıqları sifarişlərlə zaman-zaman Azərbaycanın inanclı insanlarının dini duyğularını istismar etməyə yönəlik addımlar atırlar. Təəssüflər olsun ki, zəncir vurub qan çıxarmaq kimi əməllərin batil olduğunu hər dəfə Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bəyan etsə də, hətta dövlət komitəsinin layihəsi olan və “Space” televiziyasında yayımlanan “İnam” verilişində bu barədə dəfələrlə çağırışlar edilsə də, bu kimi hallara rast gəlinir. Düzdür, son iki-üç ildə, xüsusilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin peşəkarcasına apardığı fəaliyyət nəticəsində bu cür halların xeyli azaldığının şahidiyik. Amma kiçik qrup halında belə hallar var. Aşura günündə keçirilən qanvermə aksiyası çox gözəl bir proqramdır və bu dinimizin də prinsiplərinə uyğundur və imam Hüseyn məktəbinə, onun fədakarlığına hörmət əlamətidir”.
C.Əzimbəyli qeyd edib ki, Aşura günü keçirilən qanvermə aksiyası bütün dünyaya Azərbaycan xalqının vəhdətinin, birlik və bərabərliyinin, ölkədə dini dözümlülüyün mesajı olur:
“Bununla yanaşı mən çox istərdim ki, insanlarımız imam Hüseyn məktəbindən dərs alaraq Qarabağda fədakarcasına döyüşərək şəhadət şərbətini içən şəhidlərimizin məzarlarını ziyarət etsinlər. Daha yaxşı olar ki, bu əzadarlığın özü ilə yanaşı insanlarımız şəhid doğmalarının qapısını döysünlər və bu günləri bir sosial yardımlaşma aksiyasına çevirə bilək. Çünki mənim özümün 1991-ci ilədək bu günədək şəxsən tandığım yüzlərlə insan imam Hüseyn məktəbindən aldığı dərsdən bir ibrət olaraq Qarabağda Vətənin, dövlətin, bayrağın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucaldılar. Peyğəmbər və əhli-beyt sevgisi ortaq dəyərdir. Bu dəyəri istismar etmək yolverilməzdir”.