Biz soydaşlarımıza dayaq durmalıyıq. Əgər ağır gündə dayaq durmasaq, bu, nə qardaşlıq, nə qohumluq, nə soydaşlıqdır? Bu mənada mən “Səni deyirlər” mahnısına qulaq asmasam da, ovqatı bilirəm. Bu kampaniyanı iki əlli dəstəkləyirəm.
Bu fikirləri Teleqraf.com-a keçmiş təhsil naziri, professor Firudin Cəlilov Urmiya gölünün qurumasına qarşı brendə çevrilən “Səni deyirlər” mahını kampaniyası haqda danışarkən deyib.
Sabiq nazir bildirib ki, son iki aydır kənddə qaldığı səbəbindən televiziya və ya mediaya çıxış imkanı yoxdur:
“Bununla belə ovqatı bildiyim üçün bu kampaniyanı dəstəkləyirəm. Urmiya gölünün quruması böyük fəlakətə səbəb olacaq. Bunu bilməyən insanlar məsələyə barmaqarası baxır”.
Firudin Cəlilov qeyd edib ki, ekoloji durum dəyişir, planetdə su azalır: “Bu, Urmiya gölünün qurumasının obyektiv səbəbidir. Bir də subyektiv səbəb var. Gölə axan çayların qabağına bənd vuraraq sudan o ərazilərdə əkin-biçin üçün istifadə edirlər. Urmiya gölünə su həddən artıq az gəlir. Göl 10 ilə yaxındır qurumağa başlayıb. Çox yerdə gölün dibi görünür. Əgər göl təmiz qurusa, bu böyük fəlakətə yol açacaq.
Orada milyon tonlarla duz var, külək duz tozunu Güney Azərbaycana dağıdacaq. O duzların dağıldığı ərazilərdə bitki, taxıl bitmir. Üstəlik epidemiya xəstəlikləri yaranacaq. Həmçinin azərbaycan türklərinin Urmiya gölü ətrafından köçü başlayacaq. Buna baxmayaraq İranda Urmiya gölü ilə ciddi məşğul olmurlar.
Vaxtı ilə Aral gölü də bu vəziyyətdə idi, gölə axan çayları pambıq tarlalarına yönəltmişdilər.İ ndi çayları gölə doğru döndəriblər və göl yavaş-yavaş canlanır. Bu, ekoloji problemdir, duruma bayağı yanaşmaq doğru deyil”.