Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti özünün korporativ müştərilərinə etibar, sadiqlik və əməkdaşlığa görə minnətdarlığını bildirmək məqsədilə xüsusi “Ailə Günü” tədbiri təşkil edib.
Ötən həftəsonu Bakcell 60-dan çox şirkətin nümayəndələrini və onların ailə üzvlərini açıq havada təşkil olunmuş əyləncə və oyunlarda iştirak etmək üçün “Bakcell ailə günü” tədbirinə dəvət edib. Burada korporativ abunəçilər xoş əhval-ruhiyyə və dostluq mühitində ailələri və iş yoldaşları ilə birgə vaxt keçirib, digər şirkətlərin əməkdaşları ilə tanış olub və yeni biznes əlaqələri qurmaq imkanı əldə ediblər.
“Bakcell ailə günü” xüsusilə də uşaqların ürəyincə olub, çünki Bakcell onları əyləncə, maraqlı oyunlar və bol-bol hədiyyəli şən müsabiqələrlə sevindirib. Tədbir həmçinin DJ və ifaçıların performansı ilə müşayiət olunub. Bütün oyun və müsabiqələr xüsusi animatorlar tərəfindən keçirilib.
“Həftə içində günün böyük hissəsini işdə olan insanlar istirahət günlərində öz ailələri və uşaqları ilə mümkün qədər çox vaxt keçirməyə çalışırlar. Bakcell bu ənənəyə sadiq qalaraq istirahət günündə öz biznes tərəfdaşlarını və onların ailələrini bir araya gətirdi. Münasibətlərimizi daha da möhkəmləndirmək, Bakcell ailəsinin vacib bir hissəsi olduqlarına görə korporativ abunəçilərimizə təşəkkür etmək üçün bu çox yaxşı bir imkan idi”, deyə Bakcell şirkətinin baş satış direktoru Zaur Bayramov bildirib.
Bakcell şirkəti hazırda müxtəlif sahələri təmsil edən 3500-dən artıq korporativ müştəriyə xidmət edir. “Bakcell”in peşəkar komandası şirkətlərə, dövlət qurumlarına və digər təşkilatlara mobil telekommunikasiya sahəsində istənilən növ xidməti göstərməyə hazırdır. Bakcell özünün korporativ abunəçilərinə təhlükəsiz və etibarlı rabitə təqdim etməklə daha effektiv fəaliyyət göstərməkdə, müştəriləri ilə əməkdaşlıq və sıx ünsiyyət qurmaqda onlara dəstək göstərir.
7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”).