Teleqraf.com AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, türkoloq Qətibə Vaqifqızının 100-dən artıq ziyalının orfoqrafiya qaydaları ilə bağlı müraciətinə münasibət bildirən yazısını təqdim edir.
Bildiyimiz kimi, 2017-ci ilin dekabrından Azərbaycan Milli Elmlər Akademiyası və Nəsimi adına Dilçilik İnstitutunun ictimaiyyətin müzakirəsinə çıxardığı “Orfoqrafiya qaydaları” layihəsi ilə bağlı müzakirələr davam edir. Dilimizin statusunun qorunması və işləklilik səviyyəsinin yüksəldilməsi, dilimizə keçən və keçməkdə olan yeni sözlərlə bağlı problemlərin, xüsusən də yazı qaydalarının cilalanması istiqamətində dövlət tərəfindən ciddi işlər görülmüşdür.
Müzakirəyə çıxarılan orfoqrafiya qaydaları da bu siyasətin davamı olaraq qəbul edilməlidir. Əlbəttə, dil bir qurumun, müəyyən bir təbəqənin sahib olduğu mülk deyil. Dil bir millətin milli varlığı, bir dövlətin milli kimliyini sübut edən göstəricilərdən biridir. Bu, tamamilə təbiidir ki, ən həssas nöqtə olan dilə aid hər hansı bir məsələdə dövlətin bütün vətəndaşlarını: yaşından və mövqeyindən, ixtisasından və peşəsindən asılı olmayaraq hər bir kəs müstəqil olaraq öz fikrini, münasibətini bildirmək haqqına sahibdir.
Çox sevindirici haldır ki, ilk dəfə olaraq ictimai müzakirəyə çıxarılan məsələyə bu qədər diqqət və həssaslıqla yanaşılmışdır. Lakin təəssüflə qeyd etmək istərdim ki, bəzən bu münasibət və söylənilən fikirlərdə qeyri-mütəxəssis yanaşmasından irəli gələn xətalar, hətta təhqir səviyyəsində olan qərəzli baxışlar var.
Hər bir ölkədə ölkənin dil situasiyasını, dildə baş verən prosesləri izləyən, problemlərin həll olunmasına nəzarət edən rəsmi qurum var. Nəsimi adına Dilçilik İnstitutu da rəsmi dövlət qurumu olaraq borc bilir ki, dildə baş verən dəyişikliklərə, dillə bağlı hər hansı bir məsələyə öz münasibətini bildirsin və bu məsələlərin həlli yolunda addımlar atsın. Ancaq bu o demək deyil ki, dilimizlə hər hansı bir məsələdə institut təkbaşına qərarlar qəbul edir. Elə “Orfoqrafiya qaydaları”nın müzakirəsi zamanı da institut nəinki Azərbaycanda, eləcə də dünyanın müxtəlif ölkələrinin elm və təhsil mərkəzlərində çalışan Azərbaycan dilçi alimlərinin fikirləri nəzərə almışdır. Müzakirələrin lap əvvəllərindən biz dünyanın müxtəlif ölkələrində yaşayan dilçi mütəxəssislərə, orfoqrafiya məsələləriylə məşğul olan alimlərə qaydaları göndərmiş, onlardan münasibət bildirmələrini xahiş etmişik.
İsveç, Amerika, Türkiyə, Rusiyada yaşayan azərbaycanlı alimlərlə əlaqə saxlanılmış, onların göndərdikləri təklif və iradlara işçi qrupu komissiyası tərəfindən çox incəliklə baxılmışdır. Qeyd edim ki, müzakirələr nəticəsində işçi komissiyası əvvəlcədən təklif edilən 69 bənddə bəzi ixtisarlar aparmış, bəndlərin sayı 66-ya endirilmişdir. Mütəxəssislərin deyil, əsasən ictimaiyyətin mühafizəkarlıq etdiyi bəzi maddələrə yenidən baxılmışdır.
Proses göstərdi ki, təklif olunan qaydalarla bağlı müzakirələr çox demokratik şəkildə davam edir, əlbəttə, bütün təklif və iradlar nəzərə alınmışdır.
Orfoqrafiya qaydalarında ən çox müzakirə səbəbi olan 22, 37 və 69-cu bəndlərdir (indi o bəndlərin yeri dəyişmişdir). Bu bəndlərlə əlaqədar olaraq etiraz edənlər qeyd edir ki, “fərqli dil hadisələri elmi baxımdan eyni fonetik qəlibə salınmamalıdır”. Qeyd etmək istərdim ki, əksinə, təkliflər səviyyəsində olan “Orfoqrafiya qaydaları” 3 prinsip əsasında hazırlanmışdır.
Xüsusən də, belə bir fikir qabardılır ki, ərəb mənşəli -iyyət, -yyat, -iyyə şəkilçiləri daxilindəki qoşa y samitinin birinin çıxarılması ilə indiyə qədər yazılan klassik əsərlərdə, bəlağətli üslubda, xitab və müraciətlərdə, təntənəli çıxışlarda və s. məqamlarda problem yaşanacaq, nitqin təsir gücü aşağı düşəcək. Əlbəttə, bu tamamilə səhv fikirdir.
Ərəb mənşəli bir şəkilçidən bir səsin ixtisar edilməsi mənim min illik tarixi olan dilimizə heç bir zərbə vurmur, dilimizi qətl etmir, uçuruma yuvarlatmır. Bu gün də keçmişin heyranlığı içində yaşayan, dildə baş verən inkişafı və tərəqqini qəbul etməyən, qəbul etmək istəməyənlər yazı qaydalarının dəyişməsi məsələsində dini, ideoloji və bir çox məqamlarda sentimental duyğularının təsirindən çıxa bilmir, konservatizmə gedirlər.
İngilis, rus dillərini misal gətirməklə məsələnin müstəvisini dəyişirlər. İngilis, fransız, rus dilləri filektiv dildir, əlbəttə ki, fileksiyanın bərbad etdiyi bu dillərdə heç olmasa mühafizəkar orfoqrafiya qaydaları ilə müəyyən problemlərin qarşısını almaq lazımdır. Bizim dilimiz isə iltisaqidir, dilin kökü heç vaxt dəyişmir, bizdə orfoqrafik prinsiplərdə konservatizmə yer vermək sadəcə dilimizdə daşlaşan yad dil ünsürlərinə can vermək deməkdir.
Dilimiz bizim varlığımızdır, can damarımızdır. Biz can damarımızı yad ünsürlərdən, əsrlərdir ərp kimi yapışıb qalan yad elementlərdən qorumalıyıq və yenə də qorumalıyıq.
Orfoqrafiya prinsipləri bizə qədər də dəyişib, bu, dilin daxili qanunları və xarici amillərin təsirilə baş verir. Bu gün bu, qanun şəklində reallaşmasa da, sabah, o biri gün mütləq öz qaydasına düşəcəkdir. Hesab edirəm ki, insanın icad edib inkişaf etdirdiyi, zamanın və dilin inkişaf qanunlarından doğan ehtiyacına görə sərhədlərini, qaydalarını müəyyənləşdirdiyi bir sistemi, orfoqrafik qaydaları bütün dövrlər üçün müqəddəs saymaq, toxunulmaz hesab etmək, ictimai don geyindirərək guya qorumağa çalışmaq əsassız və hətta yersizdir.
“Allah kəlamı deyil ki!” deyərək yalançı doqmatik qanunları silən bir millətin bu gün bu şəkildə mühafizəkar davranması təəssüfedici bir haldır. Əlifbadan əlifbaya keçməklə, bir əsrdə bir neçə dəfə əlifba dəyişməklə heç bir mirasımızı itirmədik; sadəcə bir iki sözdə dəyişiklik edib, dilimizi yad ünsürlərdən arındırmaqla nə öz klassik irsimizdən uzaq düşərik, nə də nəsillərarası bağlantını kəsərik! Onsuz da oxuya bilməyəcəyimizdən qorxduğunuz mirasımızı bütün xalq araşdırıb ortaya qoymur, o əsərləri də mütəxəssis oxuyur, sonra kütləviləşdirir. Hətta sinəsinə döyən hər filoloq da oxuya bilmir o qiymətli əsərləri.
Klassik mətn oxuyan hər bir mütəxəssis bilir ki, o cür mətnlərin oxunması zamanı müasir imla qaydaları nəzərə alınmır. Klassik mətnin oxunması zamanı transkripsiya, transliterasiya və ya transfoneliterasiya əsas götürülür. Və qeyd edim ki, dil tarixi və klassik mətnlərin nəşri məsələləri ilə məşğul olan, tarixi, ədəbi mətnləri oxuyub araşdıran institutlar və orda çalışan əməkdaşlar klassik mirasımızın sistematik bir şəkildə transfliterasiya və transfoneliterasiyasını həyata keçirir.
Əgər biz o mirası gələcək nəslə çatdıra bilmiriksə, bunun nə orfoqrafiya ilə, nə də əlifba ilə əlaqəsi var...
Bəziləri qərb yönümlüdür, qərbin dediklərini standart kimi qəbul edir, digər bir qismi isə şərqə və islam dünyasına dönərək min illik tarixinin böyük bir hissəsini rədd edib, sadəcə o mədəniyyətin məhsul və həqiqətlərini zikr etmək yolundadır. Hər iki qrup da milli mədəniyyətimizin min illər böyük bir sintez şəklində inkişaf edərək tarixi bir fakt kimi vahidliyini qəbul etmir və etmək istəmir.
Təbii ki, nə qərb, nə şərq, nə də milli dəyərlərimizdən vaz keçə bilərik, keçməməliyik də. Burada əsas məsələ dilin daxili qanunları çərçivəsində artıq tələb etdiyi dəyişiklikləri qavramaq və qəbul etmək, ehtiyaclara cavab vermək üçün alınan və ya rədd edilən məqamları müqəddəsləşdirməməkdir. Müqəddəs olan tək bir məfhum var, o da DİLİMİZDİR. Dilimizi qorumaq hər birimizin borcudur, həm vətəndaşlıq, həm də anamızın dili dediyimiz dilə bir övladlıq borcu. Bu zaman nə əruz, nə ərəb mənşəli şəkilçilər, nə alınma söz ehtiyatı və sair məsələlər dilimdən öndə durmamalıdır.
Əlbəttə, bu gün, qəbul etmədiyimiz, etmək istəmədiyimiz, subyektiv yanaşmalarla, qərəzlə “yox” dediyimiz dəyişikliklər sabah bizdən xəbərsiz, bizdən icazə istəmədən dildə öz yerini tapacaq.
Min illərin çətin sınaqlarından, ərəb zopasından, fars silləsindən, rus yumruğundan xilas olmuş Dilimiz bütün yad elementləri dəniz dalğası kimi özündən uzaqlaşdıracaqdır.
Aydan arı, sudan duru ANA DİLİM bizdən daha qorxmaz, daha cəsarətli və daha mübarizdir!
P.S. Orfoqrafiya Komissiyasının 13 sentyabr tarixli iclası keçirilib və Orfoqrafiya qaydaları layihəsi ilə bağlı müzakirələrə yekun vurulub.