Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur.
Teleqraf.com xəbər verir ki, yeni tədris ilində 165 780 şagird ilk dəfə parta arxasında oturacaq. 2016-cı ilin aprel döyüşlərində şəhid olan gizir Rusif Ağayevin yadigarları Zəhra və Əli də bu gün birinci sinfə qədəm qoyub. Onlar 257 saylı orta məktəbdə təhsil alacaqlar.
Birinci sinif şagirdlərini təbrik edən sinif rəhbəri İlhamə Həsənova bu gün həm də Bakının işğaldan azad edilməsinin 100 illiyinin qeyd olunduğunu xatırladıb: “Arzu edirəm ki, bu uşaqlar Azərbaycanımızı bundan gözəl və işıqlı şəkildə gələcək nəsillərə təslim eləsinlər. Bu yöndə biz müəllimlərin üzərinə böyük yük düşür, çalışırıq ki, bu işin öhdəsindən layiqincə gələk.
Məktəbimizdə şəhidimiz Rusif Ağayevin övladları da təhsil alacaq. Onlara bu kövrək addımlarının mətinləşməsini arzulayıram, atalarının, Azərbaycanın adına layiqli övlad olsunlar. Allah onları analarının gözündə çıraq eləsin”.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin giziri Rusif Ağayev 2016-cı ildə aprel döyüşləri zamanı şəhid olub, göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.