20 Sentyabr 2018 14:40
2 887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan bayrağının məscidlərdən asılması doğru deyil.

Teleqraf.com xəbər verir ki, bunu “Yeddi Dövlət-Bir Millət” konseyinin başqanı Azər Həsrət deyib.

O, Aşura günü ilə bağlı keçirilən mərasimlərə diqqət çəkib:

“Aşura günüylə bağlı bayraq məsələsi müzakirə edilir. Deyilir ki, Aşura günündə məscidlərdə qara bayraqlar qaldırmaq olmaz. Düz deyirlər, yas günündə bayraq qaldırmaq da nə deməkdir? Ardınca da deyirlər ki, bizim öz bayrağımız var və onu qaldırmaq lazımdır. Yəni Azərbaycanın dövlət bayrağını…

Bunu başa düşmürəm. Mənim dövlətimin bayrağının məsciddə, hansısa dini mərasimdə nə işi var? Azərbaycan bir dünyəvi dövlətdir. Aşura isə dövlətin həyata keçirdiyi tədbir deyil. Bu, müsəlmanların bir kəsiminin öz adətincə qeyd etdiyi icma mərasimidir. İndi dövlətə dəxli olmayan bir icma mərasimində mənim dövlətimin bayrağı niyə alət olmalıdır? Bəzən qaş düzəltmək istəyəndə vurub göz çıxarırlar. Azərbaycan bayrağı belə mərasimlərə əsla alət edilə bilməz”.

Azər Həsrətin sözlərinə görə, hər hansı yas mərasimində bayraqdan istifadə yalnız o halda yol veriləndir ki, yası tutulan şəxslər Azərbaycan dövləti üçün canlarını fəda etmiş olsunlar: “Məsələn, cəbhə xəttində şəhid olanlarımız, böyük dövlət adamlarımız üçün… Yoxsa hansısa icma mərasimi üçün dövlətin durub deməsi ki, öz bayrağımız var, bu, anlaşılan deyil. Həm də məqbul deyil. Şəxsən mən bir Azərbaycan vətəndaşı olaraq müqəddəs dövlət bayrağımızın o mərasimlərdə dalğalanmasını əsla arzu etmirəm”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər