İstanbulda Etimad İsmayılovun evindəyik, dərin hüzn var, dəli-dolu, həqiqi bir vətənsevəri itirmək çox ağırdır. Etimad İsmayılov mərd, ağıllı qardaşımız idi. Bu hadisədən çox sarsılmışıq.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Bütöv Azərbaycan Birliyinin (BAB) sədri Aqil Səmədbəyli deyib.
Onun sözlərinə görə, dünən güllələnərək öldürülən iş adamı Etimad İsmayılovun həyat yoldaşı, telejurnalist Sevil Nuriyeva mətin olmağa çalışır: “Danışacaq halda deyil, ancaq telefonları susmur, ona hər səviyyədə zənglər gəlir. Mərhumun nəşi Florya yeni məscidindədir, saat 16:20-də cənazə namazı qılınacaq, sonra Bakıya yola salınacaq”.
Aqil Səmədbəyli Etimad İsmayılovun cənazəsinin Bakı vaxtı ilə saat 23:20-də çatacağını deyib.
Polisin qətllə bağlı araşdırmalarının davam etdiyini deyən Aqil Səmədbəyli hüquq-mühafizə orqanları tərəfindən hələlik heç bir məlumat verilmədiyini söyləyib.
O, qətldə şübhəli bilinərək saxlanılan AXC dövründə polis rəisi olmuş Gözəl Dəmirovu tanısa da, yaxın münasibətlərinin olmadığını bildirib: “Bildiyimə görə, Daxili İşlər Nazirliyində idarə rəisi olub, Türkiyə vətəndaşıdır və çoxdandır İstanbulda yaşayır”.