21 Avqust 2014 10:48
2 568
12 Punto 14 Punto 16 Punto 18 Punto

71 saylı binanın sakinləri: "Buranı ticarət mərkəzinə çevirmək istəyirlər"

Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsi, bina 71-in bir qrup sakini rayonun Mənzil-Kommunal Təsərrüfat Departamentinə müraciət edib. 20 sakinin imzası ilə edilən müraciətin surəti redaksiyaya da göndərilib.

"Birinci qatdakı mənzillər ticarət obyekti məqsədilə satın alınır"

Məktubda sakinlər son illər Binəqədi rayonu 8-ci mikrorayon ərazisində aparılan abadlıq işlərindən məmnunluqlarını bildirsələr də, ayrı-ayrı mənzillərin qarşısındakı qanunsuz tikintilərdən narahatlıqlarını ifadə ediblər: "Yaşadığımız bina 1971-ci ildə sakinlərin istifadəsinə verilib. İstifadə müddətindən 42 il keçməsinə baxmayaraq, birinci mərtəbədə ayrı-ayrı sakinlər əlavə tikililər inşa ediblər ki, bu da bizdə ciddi narahatlıq yaradır. Binəqədi Rayon Məhkəməsinin qanunsuz tikililərin sökülməsi barədə qərarına baxmayaraq, bir qrup işbaz binanı ticarət mərkəzinə çevirmək üçün 10 bloklu binanın birinci mərtəbəsindəki mənzilləri satın alır.

Bizdə olan məlumata görə, bir neçə mənzilin qarşısındakı tikinti işləri qaraj tikilməsi məqsədi ilə aparılır və buna görə zirzəmidəki arakəsmələr də sökülür. Bu, bina sakinlərində ciddi narahatlıq yaradır. Binanın yanında beynəlxalq idman yarışlarının keçirildiyi və keçiriləcəyi Tennis Akademiyası yerləşir. Binamızın bu görkəmi çətin ki, insanlarımızı və xaricdən gələn qonaqları razı salsın".

"Gün girməyən evə həkim girər"

Binanın çöl fasadının 40 ildən artıqdır təmir edilməməsindən şikayətlənən sakinlər həmçinin yazır ki, aparılan qeyri-qanuni tikililər bir çox mənzilləri günəş işığına həsrət qoyub: "Gün girməyən evə həkim girər. Artırmalar bizi günəş işığına həsrət qoyur" .

Binəqədi rayonu İcra Hakimiyyəti başçısının müavini İlqar Süleymanov sözügedən ərazidə aparılan qeyri-qanuni tikintilərin qarşısının alınmasına və binanın əsaslı təmir edilməsinə kömək göstərilməsi üçün Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Departamentinə (MKTD) göstəriş verib. Göstərişdə bildirilir ki, qaldırılan məsələnin həlli ilə bağlı araşdırma aparılsın, vətəndaşların narazılığına səbəb olan amillərin aradan qaldırılması istiqamətində qanunauyğun tədbirlər görülsün.

Məsələ ilə əlaqədar sözügedən ərazidə olduq. Həqiqətən də, binanın küçəyə baxan hissəsində birinci, bəzi mənzillərin isə ikinci mərtəbəsində layihədənkənar tikinti işləri aparılaraq genişləndirilib.
198 sakindən razılıq alınmasa, tikinti necə aparıla bilər?

Sakinlərlə söhbət etdik. 80 yaşlı Tofiq Fətullayev və Cəbrayıl kişi (soyadını demədi) bildirdi ki, 198 mənzilli binada aparılan özbaşına tikinti üzündən dinclik görmürlər.

Cəbrayıl kişi: "3 aydır təmir-tikinti gedir, səs-küydən evdə otura bilmirik. Məktubda yazılanları mən də təsdiq edirəm".

Tofiq Fətullayev də yazılanların doğruluğunu təsdiqlədi: "Bu binada 198 mənzildən çoxu özəlləşdirilib və hər bir sakindən razılıq alınmalı, sonra tikinti aparılmalıdır. Amma bizi sayan yoxdur".

Sakin Rafiq Əliyev bildirdi ki, binanın birinci mərtəbəsindəki tikinti obyektlərinin çoxluğu üçündən tünlük yaranır, hətta bina sakinlərinin şəxsi avtomobillərini saxlamağa yer belə yoxdur: "9-cu mərtəbədə yaşayıram, maşınımı saxlamağa yer tapmıram".

Tikintini aparan şəxslərə yaxınlaşdıq, bildirdilər ki, bunun üçün onların əllində razılıq sənədi var.
Binəqədi rayon MKTD-nın rəisi Azər Məmmədovun sakinlərə verdiyi cavabda da bildirilib ki, aparılan təmir işləri qanunauyğundur.

Binəqədi rayon MKTB-nin baş mühəndisi Vəli Əliyevlə əlaqə saxladıq. Dedi ki, sakinlərin narazılığı onlar tərəfindən başadüşüləndir, lakin Bakı şəhəri Memarlıq Şəhərsalma Baş İdarəsinin razılıq sənədi olduğu üçün bu məsələyə MKTB-nin qarışmaq səlahiyyəti yoxdur: "Son iki il yarım ərzində bizim Mənzil Kommunal Təsərrüfat Birliyinin ərazisinə daxil olan binaların heç birində qanunsuz tikinti aparılmayıb. Kustar formada ayrı-ayrı vətəndaşların qanunsuz tikintiləri sökülüb, qarşısında park salınıb. Bu barədə icra başçısının xüsusi göstərişi var. Amma 10 il, 20 il öncə aparılan və genişləndirilən bəzi tikintilər var ki, onların sökülməsi məqsədəmüvafiq olmayıb. Çünki icra başçısı dedi ki, bu söküntü işləri sakinlərin istirahəti və rahatlığı üçün edilir, əgər buna sakinlər narazılıq edirlərsə, bu işlər dayandırılsın"

"Narazılar məhkəməyə müraciət etsin"

Sözügedən tikinti ilə bağlı isə baş mühəndis dedi ki, Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq Şəhərsalma Baş İdarəsinin iki lisenziyası var: "Bizim təşkilatın Bakı şəhər İcra Hakimiyyətinin verdiyi sərəncamı ləğv etməyə ixtiyarı yoxdur. Əgər sakinlərin narazılığı varsa, buyurub, məhkəməyə müraciət etsin, tikinti qanunsuzdursa, yalnız məhkəmə yolu ilə dayandırılacaq".

Sovet dövründən inşa olunan binaların darısqallığı üzündən Bakıda mənzillərin layihədən kənar genişləndirilməsi hallarına çox təsadüf edirik.

Səlahiyyət və məsuliyyət bölgüsü...

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin informasiya şöbəsinin müdiri Cahangir Qocayevin sözlərinə görə, 2013-cü ildə qəbul edilən "Şəhərsalma və tikinti" məcəlləsinə görə, binaların fasadlarının təmiri, əlavə tikintilərin aparılması üçün tərtib edilən layihə mütləq Dövlət Şəhərsalma və Arxitektura Komitəsində memarlıq baxımından bəyənilməlidir: "Memarın müəllif hüququ pozulmursa, şəhərsalma əsaslandırmasına uyğun olaraq tikinti aparılırsa, başqalarının hüququna toxunulmursa və nəhayət, görülməsi nəzərdə tutulan işlərin texniki təhlükəsizliyi yoxdursa, bu layihənin icrasına razılıq verilir. Ötən ildən artıq bu işlərdə səlahiyyətli qurum bizim komitədir, lisenziyanı Memarlıq Şəhərsalma Baş İdarəsi yox, bizim komitə verir".

"İcra başçısı dəyişən kimi parkı söküb, təzələyir"

Cahangir Qocayev dedi ki, binaların görkəminin qarışıq şəkildə olması memarlıq və estetik baxımından yolverilməzdir: "Bu, həmin tikintinin memarının müəllif hüququnu pozur. Hazırda tək Bakıda deyil, rayon mərkəzlərində də belə bir tendensiya var: icra başçısı dəyişən kimi parkı sökür, əlavə forma verir.

Bu da əlavə məsrəf və xərcdir"

Binalara əlavə artırmalar edilməsinə isə komitə sədri belə aydınlıq gətirdi: "Əlavə artırmaların edilməsi bəzi hallarda texniki baxımdan təhlükəli olur. Hazırda çoxmərtəbələrdə müdaxilə mümkün deyil, daha çox 5-9 mərtəbə binalarda bu hallara rast gəlinir. "Şəhərsalma və tikinti" məcəlləsinin 7-ci fəslində, "Şəhərsalma məqsədilə abadlaşdırma tədbirləri"ndə bir bənd var. Orada göstərilib ki, abadlıq məqsədilə aparılan hər bir təmir mənzil mülkiyyətçiləri ilə müzakirə olunmalı və razılaşdırılmalıdır. Binanın dayanıqlığına təsir göstərə bilən, yükdaşıyan konstruksiyanın deformasiyası üçün şərait yaradan hallar baş verirsə, bu tikintinin aparılması qadağan olunmalıdır. Digər tərəfdən, binanın qarşısında həddən artıq artırma edəndə, o binanın mənzillərinə təbii günəş şüaları düşmür. Bu məsələ sakinlərə izah olunsa, onlar bu tikintinin aparılmasına heç vaxt razılaşmaz".

Cahangir Qocayev dedi ki, qanunsuz tikintini dayandırmaq isə Fövqəladə Hallar Nazirliyinin səlahiyyətindədir: "Əgər həmin vətəndaşlar qanunsuz tikintinin olmasını hüquqi baxımdan sübuta yetirərlərsə, Fövqəladə Hallar Nazirliyinə müraciət etməklə tikintini dayandırmaq mümkündür".

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər