Bu gündən “ADA” Universiteti 2019-2020-ci tədris ili üçün magistr proqramlarına sənəd qəbuluna başlayıb.
Dövlət İmtahan Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, sənədlərin qəbulu Azərbaycan vətəndaşları üçün 2019-cu ilin aprelin 5-i, xarici vətəndaşlar üçün isə iyulun 1-dək davam edəcək.
Təklif edilən magistr proqramları aşağıdakı ixtisaslar üzrədir:
Diplomatiya və beynəlxalq münasibətlər;
Dövlət idarəetməsi;
Biznesin idarə edilməsi, MBA;
Təhsil üzrə menecment.
İki illik ingilisdilli təhsil proqramlarında dərslər yerli və xarici müəllimlər tərəfindən aparılır. Axşam saatları və həftəsonu günlərində keçirilən dərslər işləyən insanlara ali təhsillərini davam etdirmək imkanı yaradır. Tələbələr həmçinin ADA-nın akademik tərəfdaşı olan dünyanın 50-dən çox universitetində mübadilə yolu ilə təhsili ala bilərlər.
Bu ildən etibarən “ADA” Universitetinin Biznesin idarəedilməsi, MBA ixtisası Niderlandın Maastrixt Menecement Məktəbi ilə birgə tədris olunacaq. İkili diplom proqramında dərslər hər iki ali təhsil ocağının müəllim heyəti tərəfindən keçiriləcək.
Maraqlananlar “ADA” Universitetinin veb səhifəsinə (ada.edu.az) daxil olaraq elektron ərizə formasını doldura, əlavə suallarla isə [email protected] ünvanına müraciət edə bilərlər. Magistraturaya qəbul üzrə ilk məlumat sessiyası “ADA” Universitetində 12 oktyabrda keçiriləcək.