Ukraynanın internet məkanında Azərbaycan adına utanc gətirəcək video sürətlə yayılmaqdadır.
Teleqraf.com "XəzərNews.az"a istinadən xəbər verir ki, Kiyevdə qanunsuz parklanma ilə mübarizə aparan blogerlər azərbaycanlı tələbələrin hədələri ilə qarşılaşıblar. Tələbələrin qanunla qadağan olunmuş yerdə avtomobillərini saxlamasına etiraz edən ukraynalı gənclər ölümlə təhdid olunub. Üç azərbaycanlı tələbə blogerin üstünə yeriyərək onu söyüblər.
Tələbələrdən biri Azərbaycanın Ukraynadakı səfirinin onun dayısı olduğunu bildirib və blogeri başına tapança dirəyəcəyi ilə hədələyib. Başqa biri isə söyüş söyərək ukraynalının başına gecə oyun açacaqlarını deyib.
Blogerlər görüntüləri YouTube kanalında yerləşdiriblər. Qısa müddət ərzində videoya baxış sayı 50 minə yaxınlaşıb.
Ukraynada yaşayan azərbaycanlı tələbələrin Kiyevdə qanunsuz parklama ilə mübarizə aparan blogerləri təhqir etməsi və ölümlə hədələməsi halının əks olunduğu videoya Azərbaycanın Ukraynadakı səfirliyi münasibət bildirib.
Teleqraf.com səfirliyin sçıqlamasını olduğu kimi təqdim edir:
"Son günlər Ukraynada yaşayan bəzi soydaşlarımızın ölkə qanunvericiliyinin tələblərini pozaraq qeyri-adekvat addım atmaları ictimaiyyət arasında narazılığa səbəb olub. Xüsusilə, həmin insanların insident baş verən video-görüntüdə yalandan Azərbaycanın Ukraynadakı səfirinin yaxın qohumu olduğu barədə açıqlaması təəssüf hissi yaradır. Bildiririk ki, qeyd edilən şəxslərin hətta hər hansı qohumu səfirlikdə çalışmır.
Səfirlik Ukraynada yaşayan soydaşlarımıza ölkə qanunvericiliyinə hörmətlə yanaşmağı, ictimai yerlərdə Azərbaycanın imicini qorumağa, ölkəmizin zəngin mədəniyyətini, tarixini təbliğ etməyə çağırır. Bəyan edirik ki, məskunlaşdıqları ölkələrdə milli kimliklərini – adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qoruma və tanıtma, Vətənlə bağlılıqlarını itirməmə soydaşlarımızın üzərinə düşən vəzifələrdən birincisidir. Soydaşlarımız məskunlaşdıqları hər bir ölkənin mənəvi dəyərlərinin müxtəlifliyini özlərinin siyasi, iqtisadi və sosial-mədəni fəaliyyətlərində əsas amil kimi dəyərləndirməlidir. Azərbaycanın adını ləyaqətlə təmsil etmək vətəndaşlıq borcu olmaqla yanaşı, həm də Vətən qarşısında mənəvi öhdəlikdir.
Səfirlik olaraq biz bütün azərbaycanlılarla qarşılıqlı işləməyə hazırıq, qarşılaşdıqları haqsızlıqlar olduğu halda tolerant olmasını və dərhal səfirliyə müraciət etmələrini xahiş edirik!"