11 Oktyabr 2018 15:26
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyanın həyat yoldaşının belə bir təşəbbüslə çıxış edəcəyi gözlənilən idi. Niyə də etməsin?! Onlar indi öz üzərlərinə “sülh missiyası” götürüblər. Sanki, sülhdən yanadırlar. Olsun. Biz də sülhdən yanayıq. Ancaq biz gerçək sülh istəyirik.

Bunu Teleqraf.com-a açıqlamasında Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib.

O qeyd edib ki, Azərbaycan tərəfi Dağlıq Qarabağ probleminin sülh yolu ilə başa çatmasını istəyir: “Ancaq bu məsələdə hazırda ən qazanclı çıxan Ermənistan tərəfidir. Çünki torpaqlarımız onların işğalı altındadır. Belə olan təqdirdə hansı sülhdən danışmaq olar?!

Sülhün ən birinci şərti ondan ibarətdir ki, işğalçı işğal etdiyi torpaqlardan çıxmalıdır. İlkin olaraq Dağlıq Qarabağ ətrafındakı 7 rayon qaytarılmalıdır. Bundan sonra Dağlıq Qarabağın gələcək statusu məsələsinə baxılmalıdır. Sülh yolu ilə həllin ən gözəl variantını zatən Azərbaycan Prezidenti təklif edib. Cənab İlham Əliyev bu münaqişənin sülh yolu ilə həlli mexanizmini aydın şəkildə göstərib.

Azərbaycan hətta bəzi nüanslara da razı olub ki, təki məsələ sülh yolu ilə həll olunsun, torpaqlarımız azad edilsin, 1 milyona yaxın qaçqın və məcburi köçkün öz yurdlarına qayıtsın. Ancaq Ermənistan buna da yaxın durmur”.

T.Rüstəmxanlı qeyd edib ki, Ermənistan tərəfi məsələnin sülh yolu ilə həll olunması üçün indiyədək heç bir konstruktiv addım atmayıb:

“Onlar Dağlıq Qarabağın və ətraf 7 rayonun boşaldılması ilə bağlı heç nə danışmırlar. O məsələni ümumiyyətlə, gündəmə gətirmirlər. Amma sülh çağırışı edirlər və məsələnin sülh yolu ilə həllinə tərəfdar olduqlarını bəyan edirlər. Guya bu xanım sülh missioneridir, barış istəyir. Ola bilsin, bəlkə də belədir. Amma ortada bir iş yoxdur. Onun əcnəbilərlə birgə Dağlıq Qarabağa səfər etməsi Azərbaycanın ərazi bütövlüyünə ziddir. Xarici İşlər Nazirliyi haqlı olaraq bu cür səfərlərdə iştirak edənlərin adlarını “qara siyahı”ya daxil edir. Bu kimi səfərlərdə iştirak edənlər bir də oxşar səhvlərə yol verməməlidirlər”.

T.Rüstəmxanlı Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsi sədrinin birinci müavini Svetlana Jurova və Rusiyadan olan digər qadınların, başqa sözlə desək, Rusiya vətəndaşlarının da bu prosesdə iştirakına toxunub:

“Bu, çox pis bir haldır. Çünki Rusiya illərdir ki, Ermənistanı dəstəkləyir. Azərbaycan torpaqlarının işğalının arxasında Rusiyanın dayandığı da hər kəsə bəllidir. Amma əgər Rusiya bu məsələnin gerçəkdən hər iki tərəf üçün ədalətlə həllini istəyirsə, o zaman öz vətəndaşlarının orada iştirakına qadağa qoymalı idi.

Ən azı Rusiyanın Dövlət Dumasının komitə sədrinin müavini səviyyəsində bu tədbirdə iştirakına izn verilməyəydi. Çünki Azərbaycan tərəfinin bu məsələdə həssaslığını Rusiya başqa ölkələrdən daha yaxşı bilir”.


Müəllif: Səxavət Həmid