Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) paytaxt ərazisində dayanma-durma qaydalarını pozaraq tıxaclara səbəb olan sürücülərə müraciət edib.
İdarədən Teleqraf.com-a verilən xəbərə görə, müraciətdə bildirilir ki, quruma vətəndaşlar tərəfindən paytaxt ərazisində dayanma-durma qaydalarını pozan sürücülər və onların hərəkətin intensivliyinə yaratdıqları maneələr barədə çoxsaylı müraciətlər daxil olmaqdadır.
Bu məqsədlə idarə əməkdaşları tərəfindən müraciətlərin yerindəcə araşdırılması məqsədi ilə bəzi küçə və prospektlərdə müşahidələr aparılıb. Məlum olub ki, Bakının İsmayıl bəs Qutqaşınlı, Bəxtiyar Vahabzadə (xüsusən Bakı Dövlət Universiteninin qarşısı), Şərifzadə küçələrində, eləcə də Qara Qarayev prospektlərində dayanma-durma və parklanma qaydaları kobud şəkildə pozulur.
Müşahidələrin aparıldığı Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı küçəsində hərəkət ikitərəfli olsa da faktiki cəmi bir zolaq işləyir. Çünki, buradakı müxtəlif şirkətlər, tibb müəssisələri və digər obyektlərin qarşısı dayanacaq kimi istifadə olunur. Avtomobillər isə səkiyə paralel yox, perpendikulyar park edildiyindən nəqliyyat vasitələrinin hərəkətində problemlər yaranır. Qeyd etmək lazımdır ki, həmin ərazidə Yanğından Mühafizə Briqadası da yerləşir. Həmin qrumdan DYP-yə daxil olan müraciətdə küçədə qanunsuz park edilən avtomobillərə görə yanğınsöndürən avtomobillərinin normal hərəkətinin mümkünsüzlüyü qeyd olunur.
Nizami rayonu Qara Qarayev prospektində aparılan araşdırmalar zamanı məlum olub ki, gün ərzində həmin prospekt boyunca 600-dən artıq avtobus hərəkət edir. Həmin avtobusların hərəkət trayektoriyası araşdırılan zaman əksəriyyətinin eyni marşrut üzrə sərnişin daşımaqla məşğul olduqları məlum olub. Avtobuslar isə ayrı-ayrı şirkətlərə məxsus olduğundan hər şirkət ayrı-ayrılıqda interval planlaşdırır və nəticədə bəzən eyni vaxtda dayanacağa 5 avtobus daxil olur. Həmin dayanacaqlarda minik avtomobilləri park edildiyindən avtobuslar yolun hərəkət hissəsində dayanaraq sərnişin mindirib-düşürürlər. Bu isə sərnişindaşıma sahəsində ciddi təhlükələr yaradır. Nəzərə çatdırdığımız hallar Yasamal rayonu Şərifzadə, Bəxtiyar Vahabzadə, eləcə də paytaxtın əksər küçə və prospektlərində də müşahidə olunmaqdadır.
Sonda BDYPİ İdarəsi sürücüləri yollarda nizam-intizamlı olmağa, dayanma-durma və parklanma qaydalarına əməl etməyə çağırır. Qeyd edək ki, parklanma qaydalarını pozan sürücülərə qarşı maarifləndirmə işləri yol polisi tərəfindən aparılsa da, cərimələrin tətbiqi və ciddi nəzarət mexanizminə də böyük ehtiyac var.